Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları Məkkə şəhərinə çatıblar.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar oteldə xüsusi formada dini ilahilərlə qarşılanacaq.
"Otellərə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə - Kəbənin olduğu yerə aparacaqlar. Orada 5 vacib əməl - Ümreyi-Təməttö yerinə yetirəcəklər. Zəvvarlar sübh namazına qədər bu əməlləri yerinə yetirib ehramdan çıxmalıdırlar. Bu əməllərə Kəbə evi ətrafında 7 dəfə Təvaf etmək, yəni saat əqrəbinin əksi istiqamətində çevrə vurmaq, Kəbə evinin yanında İbrahim məqamında 2 rükət vacibi-təvaf namazı qılmaq, peyğəmbər əleyhissəlamın sünnətinə uyğun olaraq zəmzəm suyundan içmək, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək, yəni təxmini 2 km yerimək, daha sonra isə saç və dırnaqdan bir qədər qısaldaraq təqsir edəcəklər. Beləliklə, onlar ehramdan çıxmış olurlar", - V. Cahangiri bildirib.
Qeyd edək ki, 4 qrupdan ibarət zəvvar qrupları dünən 10:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüblər. Onlar təyyarədən Ciddə şəhərinə eniblər.