“20 Yanvar” metrostansiyası yaxınlığında qaydaları pozaraq dayanan “manatlıq taksi”lər avtomobillərin hərəkətinə ciddi maneə yaradır. Belə ki, avtomobil yolunun birinci zolağı avtobuslara ayrıldığından, Xırdalan və Sumqayıt istiqamətinə gedən taksilər sərnişin toplayana qədər ikinci zolaqda dayanır. Bu da tıxacların yaranmasına səbəb olur.
Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ümumi hərəkətin nizamlı şəkildə təşkil olunması üçün müəyyən tədbirlərin görülməsi vacibdir:
“Taksi və avtobusların fəaliyyətini koordinasiyalı şəkildə təşkil etmək, onların bir-birinə mane olmadan işləməsinə şərait yaratmaq lazımdır. Bu, nəqliyyat sisteminin səmərəli işləməsi üçün əsas şərtlərdən biridir. Əgər bu prosedurlar həyata keçirilməzsə, nəqliyyat sistemində ciddi irəliləyiş və uğur gözləmək mümkün deyil. Avtobus zolaqlarında taksilər üçün dayanma-durma qaydalarının tətbiqinə başlanılsa da, bu, şox məhdud əraziləri əhatə edir”.
Ekspert bildirib ki, metrostansiyaların yaxınlığında taksilər üçün xüsusi dayanacaq yerləri təşkil olunmalıdır:
“Yalnız bu halda qeydə alınan qayda pozuntularının qarşısını almaq mümkündür. Sərnişinlər avtobus dayanacaqlarında rahat şəkildə minib-düşə bilirlər. Taksidən istifadə edən şəxslər üçün də bütün yollarda eyni şərait yaradılmalıdır. Belə halda, “20 Yanvar” və “Koroğlu” metrostansiyaları ətrafında taksilərlə bağlı mövcud narazılıqlar və yaranan böyük tıxaclar aradan qalxa bilər”.