Ötən ayın əvvəlinə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarda müştərilərə məxsus 252 min 6 ədəd bank hesabı olub.
1xeber.media xəbər verir ki, bank hesablarının 3 min 740-ı hüquqi şəxslərə, 248 min 266-sı fiziki şəxslərə məxsus olub.
Qeyd edək ki, fərdi sahibkarlıqla məşğul olanlara məxsus bank hesablarının sayı isə 22 min 59 ədəd təşkil edib.
Məlumat üçün bildirək ki, 2022-ci ilin dekabr ayının sonlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən istefa verən zaman Naxçıvandakı banklarda fərdi sahibkarlıqla məşğul olan şəxslərə məxsus bank hesablarının sayı 27 min 339 ədəd olub. Talıbovun istefasından sonrakı bir ay ərzində – 2023-cü ilin yanvar ayında Naxçıvandakı banklarda fərdi sahibkarlıqla məşğul olan şəxslərə məxsus bank hesablarının sayı kəskin şəkildə artıb. Belə ki, bir ay ərzində fərdi sahibkarlıqla məşğul olan şəxslərə məxsus bank hesablarının sayı 12 min 747 ədəd artaraq 40 min 86 ədədə yüksəlib.
Naxçıvanda fərdi sahibkarlıqla məşğul olan şəxslərlə bağlı diqqətçəkən məqamlardan biri də odur ki, 2023-cü ilin yanvar ayının 1-də Naxçıvanda qeydiyyatdan keçən 35 min 963 fərdi sahibkar olub. Yanvar ayında onların sayının nə qədər artdığı məlum deyil. Lakin, aprelin 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan fərdi sahibkarların sayı 37 min 188 olub. Maraqlıdır ki, eyni dövrdə, yəni 1 aprel tarixində Naxçıvanda fəaliyyət göstərən banklarda fərdi sahibkarlıqla məşğul olanlara məxsus bank hesablarının sayı qeydiyyatda olan fərdi sahibkarların sayından çox olub. 2023-cü ilin 1 aprel tarixində Naxçıvan Muxtar Respublikasında 37 min 188 fərdi sahibkar qeydiyyatda olduğu halda, banklarda fərdi sahibkarlara məxsus 40 min 846 ədəd hesab mövcud olub.
Onu da bildirək ki, Vasif Talıbovun istefasından 2 ay sonra onun ailə üzvlərinə məxsus “Naxçıvanbank” ASC-də səhmdarlar dəyişib. Bank səhmlərinin 63,66%-i Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-i Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-i qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olub. Ötən ilin 24 iyul tarixində isə Mərkəzi Bankın qərarı ilə “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən bank lisenziyası ləğv edilib.
Yeniavaz.com