İran eyni anda 5 ədəd "Boeing 777-200 ER" təyyarəsini saxta şirkətlər vasitəsilə ölkəyə gətirib.
1xeber.media xəbər verir ki, bu barədə İranın "Nasr News" portalı məlumat yayıb.
Təyyarələri ilk olaraq 2001-2003-cü illərdə "Singapore Airlines" alıb.
Daha sonra həmin təyyarələr 2020-ci ilə qədər Taylandın "NokScoot" şirkətinə məxsus olub. Sonra təyyarələr Avstraliyadakı "Asia Pacific Aircraft Storage" (APAS) aviasaxlama mərkəzində saxlanılıb.
Nəhayət, 2023-cü ilin sentyabrı ilə 2024-cü ilin fevralı arasında onları ABŞ şirkəti "Ion Aviation' satın alıb.
Daha sonra "Boeing" təyyarələri Çin üzərindən İndoneziya və Kamboca istiqamətinə daşınıb. 15 iyul tarixində təyyarələr yeni Madaqaskar qeydiyyat nömrələri ilə və transponderləri söndürülmüş vəziyyətdə İrana yola düşüb. Nəticədə onlar "Mahan Air" aviaşirkətinin parkına daxil olub.
"Nasr News"in məlumatına görə, İran gələcəkdə də belə dolayısı yollardan təyyarə almağı planlaşdırır. Əvvəllər isə ölkəyə qaçaqmalçılıq yolu ilə "Airbus" təyyarələri gətirilmiş, onlar Cənubi Afrika, Filippin, Qambiya, Mali və Hindistan vasitəsilə daşınmışdır.