"Qış aylarında Pirşağıda ictimai çimərlikdə dənizin qumu heç bir xəbərdarlıq, elan və ya izahat olunmadan daşınmağa başladı. Gəldilər, dənizin dibini qazdılar, sonra da sakitcə getdilər".
1xeber.media com xəbər verir ki, bunu jurnalist Xəyalə Rəis sosial media hesabında yazıb.
O bildirib ki, qazılan ərazidə hər gün bir insan həyatını itirir:
"Az əvvəl gözümüzün önündə yaşlı bir kişi dənizə girdi və bir daha çıxmadı. O, uzağa getməmişdi – dənizdəki ölüm tələsi elə sahilin bir neçə metrliyindədir. Bundan əvvəl bir gənc oğlan, daha öncə isə orta yaşlı bir kişi eyni şəkildə həyatını itirib.
Bu sahəyə nəzarət edən bir qurum yoxdurmu? İnsan həyatının bu qədər dəyərsiz olduğu bir sistemmi qurmuşuq? Əgər bu qum yığımı kommersiya məqsədlidirsə – məsul qurumlar kimə icazə verib və bu icazəni nə əsasla verib? Əgər qeyri-qanunidirsə, niyə hələ də məsuliyyət daşıyan şəxs yoxdur?
Pirşağı çimərliyi hazırda mina sahəsinə çevrilib – sahilə girən hər kəs ölümlə üz-üzədir. Su birdən-birə dərinləşir, dibi sürüşkən və qeyri-bərabərdir. Amma heç bir yerdə xəbərdarlıq lövhəsi yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür".