Avqust ayında region ölkələrində havaların sərin və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Bildirilir ki, temperatur enə, güclü külək müşahidə oluna bilər. Bu konteksdə METEO proqnoz mərkəzinin sinoptikçisi Aleksandr İlyinin fikirləri diqqət çəkib. O qeyd edib ki, növbəti ayın əvvəlində Moskvaya soyuq hava qayıdacaq.
Sitat: “Avqustun 1-nə keçən gecə yağış və tufanla müşayiət olunan soyuq atmosfer cəbhəsinə keçid ediləcək. Nəticədə gündüz temperatur təxminən +20 dərəcəyə qədər soyuyacaq. Gecə 13-15 dərəcə isti olacağı gözlənilir”.
Bu soyuq hava kütlələri Azərbaycana da təsir edə bilərmi?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, avqust ayı üçün verilən proqnoz ümumilikdə nikbin xarakter daşıyır:
“Proqnozlar çoxillik müşahidələr və orta illik, aylıq temperatur göstəriciləri əsasında hazırlanır. İstiliyin yaratdığı diskomfortdan qaçmaq, xüsusilə həssas insanlar üçün arzuolunandır. Buna görə də sərin hava şəraitinin olması məqsədəuyğundur. Avqust yay mövsümünün orta aylarındandır və Yer kürəsinin mövqeyi ilə əlaqədar olaraq isti hava şəraiti gözləniləndir. Lakin anomaliyalar hər zaman baş verə bilir. Xüsusən də iqlim böhranı fonunda, arktik hava kütlələrinin qısa müddətə mülayim və tropik qurşaqlara dalışı son dövrlərdə müşahidə etdiyimiz bir fenomendir”.
Ekoloq qeyd edib ki, bu cür dəyişikliklərin kənd təsərrüfatı sahəsində, xüsusilə dağ və dağətəyi rayonlarda, yağıntılar və sel kimi fəsadlara, müəyyən ziyanlara yol açması mümkündür:
“Amma indidən konkret bir proqnoz vermək çətindir, çünki hər il bu tip hava məlumatları verilir. Ən dəqiq proqnozlar isə minimum bir həftə, 10 gün əvvəl dəqiqləşir. İqlim böhranı fonunda onu demək olar ki, bu il avqust ayında keçən illərlə müqayisədə ciddi bir fərq olmayacaq”.