Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri Muhammed Gündüz mərhumun ailəsinə maddi təzminat ödəyəcək.
Məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş şikayətə əsasən belə qərar çıxarıb.
Türkan Gündüzün hüquqi varisi onun bacısıdır. O, məhkəmədə nümayəndəsi ilə iştirak edib.
Apellyasiya şikayətində Muhammet Gündüzə verilmiş 17 illik həbs cəzasının ömürlük cəza ilə əvəz olunması və maddi-mənəvi ziyana görə ümumilikdə 170 min manat təzminat tələb olunub. Mülki iddiada göstərilib ki, ailə dəfn xərcləri, yas mərasimləri, uşaqların yerləşdirilməsi və təhsili, eləcə də istintaq və məhkəmə proseslərində iştirak üçün ümumilikdə 70 min manat maddi ziyan çəkib. Bundan əlavə, 100 min manat məbləğində mənəvi ziyanın ödənilməsi istənilib.
Məhkəmə apellyasiya şikayətini mülki iddia hissəsində qismən təmin edib. Muhammet Gündüzün mərhumun bacısının-hüquqi varisin xeyrinə 15 min 70 manat ödəməsinə qərar verilib.
Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin cəza müddəti ilə bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Muhammet Gündüzə əvvəl verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qafqazinfo