Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
1xeber.media xəbər verir ki, sərəncamla tədbirlər planında "Əsas icraçı orqan (qurum)" sütununa "(qurum)" sözündən sonra "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri əlavə ediləcək.
Həmçinin gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılmasını Dövlət Gömrük Komitəsi (DGK) ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Azərbaycan Dəmir Yolları icra edəcək.
Müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanmasında digər icraçı qismində Elm və Təhsil Nazirliyi də iştirak edəcək.
Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində əsas icraçı orqan (qurum) Naxçıvan Nazirlər Kabineti ilə yanaşı AAYDA olacaq.
Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.