“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub.
1xeebr.media xəbər verir ki, bu barədə STP Şirkətlər Qrupu məlumat yayıb.
Bildirilib ki, şirkətin Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul olunub.
Qeyd edək ki, STP-nin Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində PAŞA Qrupa daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, hazırda da “PAŞA Holding”in Direktorlar Şurasının dədr müavini vəzifəsini icra edir.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni Baş İcraçı Direktor daha əvvəl SOCAR, Equinor, Ernst & Young, PwC, PAŞA İnşaat və bir sıra digər iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olob.
Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi. Hazırda STP Şirkətlər Qrupu 250 hektarlıq ərazidə, 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və 2000-dən artıq əməkdaş çalışır.