Buxarestdə hesab edirlər ki, Rumıniyanın özü və digər Avropa ölkələri üçün nəzərdə tutulan külli miqdarda Azərbaycan neftini Rusiya qəsdən çirkləndirib.
1xeber.media xəbər verir ki, bu sensasion məlumatla rəsmi mənbələrə istinadən G4Media çıxış edib.
Bildirilir ki, Rumıniya dövləti Rusiyanın hibrid hərbi əməliyyat keçirməsi versiyasını nəzərdən keçirir. Neft Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə boru kəməri ilə nəql edilib, oradan da tankerlə Rumıniyaya göndərilib. Çirklənmiş neftdə xlorun konsentrasiyası kifayət qədər yüksək olub ki, korroziya səbəbindən neft emalı zavoduna ciddi ziyan dəyib və bu, Rumıniyada yanacaq böhranına səbəb ola bilər.
Çirklənmiş neftin bir hissəsi artıq İtaliyaya çatıb. ENI şirkəti neft emalı zavodlarından birində çirklənmiş neftin aşkar edildiyini elan edib. Çexiyanın “Orlen Unipetrol” şirkəti də çirklənmiş neftdən öz emal zavodlarında istifadə etməli idi, lakin bütün işləri dayandırıb.
Mənbələr bildiriblər ki, neftin çirklənməsi 1700 kilometrlik neft kəmərində Rusiyanın nisbətən sadə təxribat əməliyyatı vasitəsilə həyata keçirilə bilərdi. Bunun üçün boru kəmərinə bir neçə tanker xlor vurulmalıdır.
OMV Petrom müntəzəm sınaqlar zamanı neftin çirklənməsini aşkar edib. Hadisədən sonra Energetika Nazirliyi avqustun 4-də xam neft təchizatı sektorunda fövqəladə vəziyyət elan edib.