Ermənistan Rusiya üçün kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə yük maşınının ölkəyə qayıtması ilə bağlı xəbərləri təkzib edib.
1xeber.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevorq Papoyan öz Facebook səhifəsində bildirib.
"Avqustda Ermənistan meyvə-tərəvəzləri ilə yüklənmiş 762 yük maşını Rusiyaya daxil olub, Gürcüstandan isə cəmi dördü geri qaytarılıb. Hörmətli Qarnik, yalan danışmaq yaxşı deyil", - Papoyan yazıb.
Bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Qarnik Danielyan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının Gürcüstanla sərhəddə guya geriyə dönməsi barədə məlumat verib. Onun sözlərinə görə, daşıyıcılara dəqiq izahat verilməyib, səbəb kimi fitosanitariya ilə bağlı problemlər göstərilib.
Bundan əvvəl məlum olub ki, Rusiya 2023-cü ildən bəri ilk dəfə olaraq Gürcüstandan qarpız idxalını bərpa edib. Rusiya ilə yanaşı, Ermənistan və Belarus da qarpızları bu yay buradan alıb.