Dünən səhər saatlarında "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumatlar yayıldıqda, artıq böyük bir faciənin yaşanacağı gözlənilirdi. Son illərdə bu, həmin mərkəzdə xatırladığım yeddinci və ya səkkizinci belə hadisədir. Hər dəfə də FHN-nin böyük qüvvələri yanğının söndürülməsinə cəlb olunub. Lakin buna baxmayaraq, alov sürətlə geniş ərazini əhatə edib və yüzlərlə sahibkara ciddi ziyan dəyib”.
Bu barədə Bakupost.az-a sığorta eksperti Şahin İsmayılov açıqlama verib.
Onun sözlərinə görə, belə hallardan sonra ən çox müzakirə edilən məsələ sahibkarlara dəymiş ziyanın kim tərəfindən qarşılanacağıdır:
“İnkişaf etmiş ölkələrdə bu məsuliyyəti sığorta şirkətləri öz üzərinə götürür və zərər ödənilir. Təəssüf ki, bizdə belə bir praktika mövcud deyil. Bunun səbəbi sahibkarların daşınar əmlakının sığorta təminatında olmamasıdır. Bəs bu vəziyyətə görə kim məsuliyyət daşıyır – obyektin sahibi, icarədar sahibkar, yoxsa sığorta şirkətləri? Məsələ göründüyündən daha mürəkkəbdir. Çünki sahibkar əmlakını sığortalatmaq istəsə belə, buna nail ola bilmir. Sığorta şirkətləri bu tip ticarət obyektlərində daşınar əmlakı qəbul etmir”.
Ekspert bildirib ki, səbəb obyektlərin təhlükəsizlik standartlarına cavab verməməsidir:
“Obyektlər bir-birinə sıx bitişikdir, arakəsmələr tez alışan materiallardan hazırlanıb, elektrik naqilləri kustar üsulla qoşulub, satılan malların əksəriyyəti yanma ehtimalı yüksək məhsullardır. Belə şəraitdə sığorta şirkətləri milyonlarla manatlıq öhdəlik götürməyi riskli sayır”.
Şahin İsmayılovun fikrincə, problemin yeganə həlli bu obyektlərin sökülərək, müasir standartlara uyğun şəkildə yenidən tikilməsidir, lakin bunun yaxın zamanlarda baş verəcəyi real görünmür:
“Nəticədə, yanğınların təkrar baş verəcəyi, sahibkarların isə yenidən ziyana düşəcəyi istisna edilmir. Dövlət artıq bu cür hallarda kompensasiya vermədiyini açıqlayıb. Hazırda problemin real həlli hələ görünmür”.
Bu isə o deməkdir ki, sahibkarlar hər an risk altındadır, onların biznesi hər an alışa və yox ola bilərlər...