Xameneinin baş müşaviri: “İran Qafqazda ABŞ dəhlizinə – Moskvanın mövqeyindən asılı olmayaraq – imkan verməyəcək”
1xeber.media Musavat.com-a istinadla xəbər verir ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Qafqazdakı geopolitik proseslərə dair yenidən sərt açıqlama ilə çıxış edib.
Vilayəti bildirib ki, “Zəngəzur dəhlizi” layihəsi nə Moskvanın, nə də digər güclərin mövqeyindən asılı olmayaraq Tehran üçün qəbuledilməzdir. Onun sözlərinə görə, Qafqaz həmişə İranın strateji müdafiə sərhədi olub və tarixi ənənələr də bunu təsdiqləyir:
“Herodotun yazdığına görə, Kir (Kuruş/Kiroş) məhz Qafqaz bölgəsində köçəri tayfaların hücumlarının qarşısını almaq üçün istehkamlar inşa etmişdi. Bu, İran üçün Qafqazın sabit müdafiə xətti rolunu təsdiqləyir”.
Vilayəti qəti şəkildə Azərbaycanın Naxçıvanla birləşdirilməsi üçün nəzərdə tutulan Zəngəzur dəhlizinə qarşı çıxıb və bu layihənin Cənubi Qafqazda “sabitliyi sarsıdacağını” iddia edib.
Musavat.com-un analitik müşahidəsinə görə, bu açıqlama İran daxilindəki ciddi parçalanmanı üzə çıxarır:
• Pragmatik qanad, o cümlədən Prezident Məsud Pezeşkianın komandasına yaxın çevrələr hesab edirlər ki, dəhliz İranın qırmızı xətləri qorunduğu halda, regional əməkdaşlığa mane olmamalıdır.
• Mühafizəkar və teokratik qanad isə, xüsusilə də Xameneiyə yaxın dairələr və SEPAH rəhbərliyi, bu layihəyə prinsipial şəkildə qarşıdır və ABŞ-ın dəstəklədiyi hər hansı dəhlizə “heç bir halda imkan verilməyəcəyini” bəyan edirlər.
Əli Əkbər Vilayəti keçmiş xarici işlər naziri, hazırda isə Xameneinin baş müşaviridir. Onun səsi sıradan bir siyasətçi yox, ali dini rəhbərin mövqeyini ifadə edən simvolik səs kimi qəbul edilir. Bu səbəbdən Vilayətinin çıxışı İran daxilindəki gərginliyin artmaqda olduğunu göstərir.
Ekspertlər bildirirlər ki, İranın bu layihəyə real şəkildə mane olma imkanı məhduddur. Çünki:
• Dəhlizin arxasında Azərbaycanın və Türkiyənin birgə siyasi iradəsi dayanır;
• Ermənistan belə, ABŞ vasitəçiliyi ilə razılıq verib;
• ABŞ və Qərb Cənubi Qafqazda “Tramp dəhlizi” konsepsiyasını dəstəkləyir.
Beləliklə, Tehran yalnız sərt ritorika ilə çıxış etsə də, faktiki olaraq daha çox daxili auditoriyaya mesaj göndərir və özünü “tarixi mirasın qoruyucusu” kimi təqdim etməyə çalışır.
Vilayətinin açıqlaması göstərir ki, İran daxilində dəhliz məsələsi ətrafında ziddiyyətlər daha da dərinləşir. Pragmatizm və radikalizmin toqquşması isə həm ölkənin daxili siyasətinə, həm də regiondakı balanslara təsir göstərə bilər.