Avstraliya Sidney və Melburnda antisemit hücumları ilə bağlı iddialardan sonra İran səfirini ölkədən çıxaracağını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatının (ASIO) rəhbəri Mayk Burges açıqlayıb.
Kəşfiyyat məlumatları göstərir ki, Avstraliyada yəhudilərə qarşı bir neçə hücumun arxasında İran dayanır: "İran keçən il oktyabrın 20-də Sidneydəki "Lewis Continental Kitchen" və dekabrın 6-da Melburndakı Adass Israel sinaqoquna edilən hücumlar da daxil olmaqla, iştirakını ört-basdır etməyə cəhd edib".
İran hələlik iddialara münasibət bildirməyib. İranın Avstraliyadakı səfiri Əhməd Sadeqi və digər üç İran rəsmisinə 7 gün ərzində Avstraliyanı tərk etmək əmri verilib.
Xarici işlər naziri Penny Vonq Avstraliyanın Tehranla bəzi diplomatik əlaqələri davam etdirəcəyini, lakin İrandakı səfirliyinin fəaliyyətini dayandırdığını bildirib.
Baş nazir Entoni Albanese hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyacağını açıqlayıb.