Baş nazir Nikol Paşinyan Ermənistana giriş-çıxış möhüründən Ağrı dağının təsvirinin çıxarılması qərarının verilməsinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, jurnalistlərlə söhbətində Paşinyan deyib ki, bu qərarın verilməsinin Türkiyənin xüsusi nümayəndəsinin Ermənistana ötən həftə baş tutmuş səfərilə əlaqəsi yoxdur.
“Ümumiyyətlə, belə bir məsələ heç bir Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna bilməz”, - Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, təhlükəsizlik strategiyasında legitimlik faktoru əsasdır.
“Biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri daxilində tanımalıyıq. Biz bunu dövlətimizin davamlılığını təmin etmək üçün edirik”, - Paşinyan vurğulayıb.
Baş nazir xatırladıb ki, 2004-cü ilə qədər həmin möhür yox idi.
"Yaxın vaxtlarda mən bütün qərarların qəbul edildiyi vətənpərvərlik modeli haqqında danışacağam. İndi bizim həyata keçirdiyimiz bütün addımlar Ermənistanın dövlətçiliyinin, suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün həyata keçirilir. Biz bunu Ermənistanın ən məsuliyyətli beynəlxalq üzvə çevrilməsi üçün edirik", - baş nazir bildirib.