
2026-cı ildən Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, qeyri-dövlət və özəl sektorda çalışanların gəlir vergisi dərəcələri mərhələli şəkildə artırılacaq. Yeni sistemə görə, 2500 manatadək aylıq gəlirdən 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi tutulması nəzərdə tutulur.
3 faizdən başlayıb 7 faizə qədər artan vergi dərəcələri və gəlir diapazonları mövcud iqtisadi reallıqlara uyğundurmu?
Bu dəyişiklik özəl sektorda maaş siyasətinə necə təsir göstərə bilər?
– Şirkətlər əmək haqqı fondlarını azaldacaq, yoxsa xərcləri işçilərin üzərinə ötürəcək?
Vergi yükünün artması istehlak bazarına və əhalinin xalis gəlirinə necə təsir edəcək?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, vergi güzəştlərinin ləğvi və yeni vergi dərəcələrinin tətbiqinin çox qısa zamanda hər il artan sürətlə olması özəl sektora ağır yük gətirəcək.
N. Cəfərlinin sözlərinə görə, özəl sektorların ya maaşları azaltmaqla vergi yükünü azaltmağa çalışacaqlar, ya da ki, işçilərin sayını azaldacaqlar.
Başqa çıxış yolunun olmadığını vurğulayan iqtisadçı deyib:
“Çünki bu işçilərin ödədiyi vergidir. Və hər dəfə işçilərdən əlavə, işəgötürənlər də vergi ödəyir. Ona görə də bu güzəştlərin ləğvi məncə, indi doğru deyil. Güzəştlər ən azı 5 il də davam etməli idi”.
Səbəblərə toxunan Natiq Cəfərli deyib:
“Amma bunun səbəblərini anlayıram. Azərbaycanın gəlirləri azalır. Neft gəlirləri azaldıqca, vergilər, rüsumlar və cərimələr artır. Çox təəssüf ki, Azərbaycandakı indiki iqtisadi sistem vaxtilə neftdən asılılığı azalda bilmədi deyə, neftdən azalmalar problemə çevrildi deyə, nəticə etibarı ilə də indi, faktiki olaraq vergilərin və rüsumların hesabına neftin azalan gəlirlərini kompensasiya etməyi düşünür hökumət. Bu, o qədər də doğru yanaşma deyil”.

















