Bu gün yerli media nümayəndələri üçün noyabrda Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) ilə bağlı brifinq keçirilib.
1xeber.media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Beynəlxalq tədbirlərin təşkili üzrə rəhbər Orxan Əfəndiyev, Azərkosmosun Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov tədbirin məqsəd və faydaları, qeydiyyatdan keçmiş qonaqların, həmçinin KİV təmsilçilərinin tədbirdə iştirakı barədə məlumat veriblər.
Qeyd olunub ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı bu il 17-28 noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. MDB regionunda ilk dəfə təşkil olunan bu tədbir Azərbaycanın rəqəmsal transformasiya və texnoloji innovasiyalar sahəsində artan qlobal rolunu nümayiş etdirəcək.
BTİ hər dörd ildən bir Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransını təşkil edir. Tədbirin məqsədi ölkələr arasında rəqəmsal uçurumu aradan qaldırmaq, innovasiyaları təşviq etmək və inklüziv, dayanıqlı rəqəmsal gələcək üçün tərəfdaşlıq mühitini gücləndirməkdir. Builki konfransda 150-dən çox ölkədən 2000-ə qədər nümayəndə iştirak edəcək.
“WTDC-25” çərçivəsində kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar, süni intellekt, “əşyaların interneti”, rəqəmsal sağlamlıq, kvant texnologiyaları və ətraf mühitin mühafizəsi kimi qlobal trendlər üzrə müzakirələr aparılacaq. Tədbir, həmçinin yeni nəsil İKT siyasətlərinin formalaşdırılması və tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayacaq.
Azərbaycan son illərdə rəqəmsal transformasiya, startap ekosisteminin genişlənməsi və elektron hökumətin inkişafı sahəsində əhəmiyyətli uğurlar əldə edib. Rəqəmsal hökumətə keçid, genişzolaqlı şəbəkələrin qurulması və rəqəmsal savadlılığın artırılması istiqamətində görülən işlər ölkəmizi BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində “Çox Yüksək EGDI” kateqoriyasına daxil edib. Bu tədbir Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda rolunu daha da möhkəmləndirəcək.
“WTDC-25” çərçivəsində 16 noyabr tarixində Qlobal Gənclər Sammiti keçiriləcək. Sammit dünya üzrə gənc liderləri, mühəndisləri, sahibkarları və tələbələri bir araya gətirərək onların texnoloji biliklərini artırmaq, yeni əməkdaşlıqlar qurmaq və gələcəyin peşələri barədə müzakirə aparmaq üçün platforma yaradacaq. Azərbaycanlı gənclərin bu sammitdə iştirakı onların beynəlxalq təcrübə qazanmasına, texnoloji ideyaların ölkə daxilində tətbiqinə və yeni təşəbbüslərin formalaşmasına şərait yaradacaq.
Media qeydiyyatı və akkreditasiya
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı və Qlobal Gənclər Sammiti tədbirlərini işıqlandırmaq istəyən media nümayəndələri üçün ayrıca qeydiyyat prosesi nəzərdə tutulub.
Tədbirdə iştirak etmək üçün hər bir media nümayəndəsi aşağıdakı üç sənədi doldurmalıdır:
1. Ümumi qeydiyyat forması;
2. “WTDC-25” üzrə media akkreditasiyası forması;
3. “GYC-25” üzrə media akkreditasiyası forması.
Formalara keçid üçün təqdim olunan QR kodu skan etmək kifayətdir.
















