Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Qarabağdan köçən ermənilərə verilən biometrik pasportlarda doğum yerinin göstərilməsi məsələsinə aydınlıq gətirib.
1xeber.media xəbər verir ki, nazir doğum yerinin vətəndaşların istəyinə uyğun deyil, beynəlxalq standartlar əsasında müəyyənləşdirildiyini bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndələri ilə məsləhətləşmələrdən sonra doğum yeri kimi yaşayış məntəqəsinin deyil, ölkənin adının göstərilməsi qərara alınıb.
Sarkisyan bildirib ki, yaşayış məntəqələrinin adları göstərilsəydi, beynəlxalq səviyyədə qəbul edilmiş toponimlərlə bağlı sərhəd keçidlərində problemlər yarana bilərdi.
Nazirin açıqlamasına görə, Qarabağ ermənilərinin istifadə etdikləri toponimlər beynəlxalq standartlarda yer almır. Yaşayış məntəqələrinin adları pasportlara daxil edilsəydi, onların Azərbaycan adları göstəriləcəkdi.
Nazir ICAO-nun 9303 saylı sənədinə, eləcə də ölkələrin və onların inzibati-ərazi vahidlərinin kodlarını müəyyənləşdirən ISO 3166 standartına istinad edib.
ISO 3166 beynəlxalq standartında Xankəndi Azərbaycanın inzibati-ərazi vahidi kimi qeyd olunur.
















