Bir neçə gün bundan öncə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı verilən suallara cavabı hadisə vaxtı evində olan jurnalist Heydər Mirzə öz facebook səhifəsində paylaşım edərək verib.
1xeber.media paylaşımı təqdim edir:
Dünən və bugün media tərəfindən ən çox verilən sual budur - hansı dövlət qurumuna müraciət etmisiniz və ya edəcəksiniz?
1. Biz ilk günlər həyatda qalmaq, əzizləri torpağa tapşırmaq, cinayətin ictimailəşdirilməsi və s. kimi şeylərlə məşğul idik.
2. Bu neçə gündə dövlət qurumlarından bura ancaq polis var (daima buradadır, mühafizə, kənar adamların gəlməməsi və s., hətta sadə şeylərdə kömək də edirlər). Yasamal RPİ və konkret olaraq 28-ci bölməyə bir daha təşəkkür. Və prokurorluq da gəlir gedir, maddi sübutlar yığır, və s. Başqa heçkəs gəlməyib.
3. Hə, bir də FHN gəlmişdir. Yaxınlaşıb soruşmadılar ki necəsiz, neynirsiz, Allah rəhmət eləsin zad. Üç zabit idi. Ciddi ciddi gəzişdilər oraları çıxdılar getdilər. Salam da vermədilər heç. Görünür bəzi yüksək rütbəli zabitlər xilasedicilərin o günkü qəhrəmanlığını özlərinə də yazırlar…
4. Yasamal RİH buradan 350 metr məsafəsindədir. Bir nəfər də gəlməyib. Əlaqə saxlayan da olmayıb.
5. Bələdiyyə ilə son əlaqəm olub bir ay əvvəl 152 manat vergini mənə zorla ödətdirəndə. Ünvanlarını belə bilmirik.
6. Vaxtı ilə cinayətkarın xeyrinə qərar çıxaran Yasamal Rayon Məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədova isə heç gəlməz axı…
Bütün bunları nəzərə alaraq, vətəndaşlar qurumlara deyil, Dövlətin Özünə müraciət etmək niyyətindədir…
Haqq-ədaləti ancaq Dəmir Yumruq bərqərar edə bilər…















