Elvin Abbasov:" Qlobal platformalara texniki yoxlama tələbi qoymaq çətindir, amma..."
Avstraliya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial mediaya çıxışını məhdudlaşdıran qanunvericiliyi sərtləşdirərək siyahıya daha bir populyar platformanı – “Twitch”i daxil edib. Bu barədə məlumatı ölkənin ABC yayım şirkəti yayıb. Rəsmilər bildirirlər ki, addımın əsas məqsədi uşaqları sosial şəbəkələrin manipulyativ təsirlərindən, psixoloji risklərdən və yaşlarına uyğun olmayan real zamanlı məzmunlardan qorumaqdır.
Hazırda qadağa siyahısına “Facebook”, “Instagram”, “Threads”, “Snapchat”, “TikTok”, “X”, “YouTube”, “Reddit”, “Kick” və son olaraq “Twitch” daxil edilib. Avstraliya Rabitə Nazirliyinin nümayəndəsi Anika Uellsin sözlərinə görə, qanunvericilik dəyişiklikləri uşaqlara bu tip platformaların potensial zərərli təsirindən uzaq bir mühit təmin etməyi hədəfləyir.
Bu qərar “Twitch”in hansı xüsusiyyətlərinə görə riskli sayıldığı, platformanın uşaqlar üçün real təhlükə yaradan mexanizmlərinin nədən ibarət olduğu suallarını aktuallaşdırıb. Eyni zamanda, beynəlxalq təcrübənin fonunda belə bir addımın Azərbaycanda da tətbiq olunub-oluna bilməyəcəyi müzakirə mövzusuna çevrilib.
Azərbaycanda isə bir neçə gün əvvəl 13 yaşlı yeniyetmə qızın telefonunda tapılan "Mavi Balina" oyunundan sonra özünə qəsd etməsi şok yaradıb. Bu faciəli hadisə sual doğurur: bəs bu cür oyun və platformalar Azərbaycanda geniş yayılsa, valideyn nəzarəti və mövcud qanunvericilik yetərlidirmi?

















