Ötən həftə Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində "2023-2024-cü illərdə əmək bazarında daha yaxşı nəticələr əldə etmələri üçün qadın kapitalının artırılması" adlı Məsləhət və Analitika (AMA) proqramı yekunlaşıb.
1xeber.media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.
Bildirilib ki, yekun tədbirdə çıxış edən ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova dəmir yollarında qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.
Qeyd edilib ki, ADY-nin də iştirakı ilə qadınların məşğulluq və liderlik imkanlarının artırılması və dəstəklənməsinə dair praktiki tövsiyələr vermək məqsədilə proqramın "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatı hazırlanıb.