Rusiya Çubaysdan təxminən 6 milyardın geri qaytarılmasını tələb edir.
1xeber.media xəbər verir ki,“İnterfaks” agentliyi yazır ki, Moskva məhkəməsi “Rosnano”nun şirkətin keçmiş rəhbəri Anatoli Çubaysdan və onun digər top-menecerlərindən 5,6 milyard rubl məbləğində zərərin birgə qaydada tutulması ilə bağlı iddiasını təmin edib.
İddia Plastic Logic çevik planşetlər layihəsinin maliyyələşdirilməsi barədə qərarlar qəbul etmiş şəxslərin məsuliyyətə cəlb olunmasına yönəlib.
Çubaysa qarşı iddia ötən ilin 31 martında qaldırılıb, işə qapalı rejimdə baxılıb. 2009-cu ildə Çubays Rusiyada çevik planşetlərin istehsalına başlamağa və onları təhsil sisteminə tətbiq etməyə çalışsa da, layihə uğursuz olub. 2012-ci ildə dövlət şirkəti zavodun işə salınmasından imtina edib, vəsaitləri isə xaricə - xarici hüquqi şəxslərin maliyyələşdirilməsinə yönəldib.
Bununla yanaşı, “Rosnano” Çubaysın, digər cavabdehlərin və onların yaxın qohumlarının əmlakına 11,9 milyard rubl həcmində həbs qoyulması barədə də ərizə verib. Çubays 2022-ci ildə Rusiya hüdudlarını tərk edib və həmin il də Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. İlin əvvəlində məhkəmə icraçıları onun aktivlərinin həbs olunması ilə bağlı icra icraatına başlayıblar.

















