Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə zərbələr, o cümlədən East-West - Petroline boru kəmərinə PUA hücumu və Hörmüz boğazında demək olar ki, tam dayanma fonunda neft bahalaşıb.
1xeber.media xəbər verir ki,Reuters yazır ki, cümə günü neft qiymətləri tədarüklə bağlı yeni narahatlıqlar səbəbindən yüksəlib. Buna baxmayaraq, bazarda iki həftəlik kövrək atəşkəsin təsiri hələ də hiss olunduğundan həftəlik yekunda həm Brent, həm də WTI markaları təxminən 11 faiz itki göstərir.
Son məlumatlara görə, Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar krallığın hasilat gücünü sutkada təxminən 600 min barel azaldıb. Eyni zamanda, Şərq-Qərb boru kəməri üzrə nəql həcmi də gündəlik təxminən 700 min barel aşağı düşüb. Bu barədə Səudiyyə dövlət agentliyi SPA Energetika Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Bununla yanaşı, The Financial Times mənbələrə istinadən xəbər verir ki, Ərəbistan yarımadasından keçən və neftin Qırmızı dəniz vasitəsilə ixracı üçün istifadə olunan East-West - Petroline boru kəməri də pilotsuz aparat hücumuna məruz qalıb. Bildirilir ki, PUA neftvurma stansiyalarından birini vurub, zərərin miqyası isə hazırda qiymətləndirilir.
Uzunluğu 1,2 min kilometr olan bu boru kəməri Hörmüz boğazında gəmiçiliyin dayanmasından sonra Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət qazanıb. O, Saudi Aramco-ya nefti sutkada 7 milyon barelədək həcmdə Qırmızı dənizdə yerləşən Yənbu limanına yönəltməyə imkan verir.
Bazarda əsas gərginlik nöqtəsi isə Hörmüz boğazı olaraq qalır. İranın gəmilərə öz ərazi sularında hərəkət etmələri barədə xəbərdarlığından sonra boğazdan keçən tanker axını faktiki olaraq iflic vəziyyətinə düşüb. Cümə axşamı gəmi hərəkətinin adi səviyyənin 10 faizindən də aşağı olduğu bildirilir.
ABŞ və İran çərşənbə axşamı Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs barədə razılığa gəlsələr də, elan edildikdən sonra da döyüşlərin tam dayanmadığı vurğulanır. Analitiklər hesab edirlər ki, Pakistan daha davamlı sülh sazişinə nail olmağa çalışacaq, lakin strateji su yolunun tam açılması üçün onun təsir imkanları məhdud ola bilər.
Reuters-in məlumatına görə, Tehran sülh razılaşması çərçivəsində Hörmüzdən keçən gəmilərdən ödəniş almaq istəyir. Qərb liderləri və BMT-nin gəmiçilik qurumu isə bu ideyaya etiraz ediblər.
Ekspertlər xəbərdarlıq edirlər ki, əgər Hörmüz boğazında axın indiki səviyyədə qalsa, Brent neftinin qiyməti hətta bir barel üçün 190 dollara qədər yüksələ bilər. Digər tərəfdən, İran keçidə daha çox imkan versə, qiymətlər nisbətən sabitləşə bilər, amma yenə də müharibədən əvvəlki səviyyədən xeyli yüksək qalacaq.
JPMorgan-un hesablamasına görə, münaqişənin başladığı 28 fevraldan bəri Fars körfəzi bölgəsində təxminən 50 infrastruktur obyekti pilotsuz aparat və raket zərbələrindən zərər görüb, təxminən 2,4 milyon barel gündəlik neft emalı gücü isə sıradan çıxıb.

















