Kredit müqavilələri bağlandıqdan sonra şərtlərin dəyişdirilməsi yalnız müəyyən hallarda və tərəflərin razılığı əsasında mümkündür. Bəs, borcalanın maliyyə vəziyyəti pisləşdikdə, məsələn, işini itirdikdə və ya gəliri azaldıqda, bank hansı hallarda güzəştə gedə bilər və kredit şərtlərini yenidən nəzərdən keçirə bilər?
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, belə hallarda kreditin restrukturizasiyası tətbiq olunur.
"Yəni şəxs iş yerini itiribsə və gəlir mənbəyindən məhrum olubsa, üç ay ərzində krediti ödəyə bilmədikdə banka müraciət edə bilər. Əgər o, hazırda işsiz olduğunu və gəlirinin olmadığını əsaslandıra bilirsə, bankla qarşılıqlı razılaşma əsasında kredit restrukturizasiya edilə bilər. Bu zaman çox vaxt aylıq ödənişlər minimuma endirilir, bəzən faizlər azaldılır və ya tamamilə ləğv olunur. Bəzi hallarda hesablanmış faizlər silinir, bəzən isə kapitallaşdırılaraq əsas məbləğə əlavə olunur. Daha sonra qalıq məbləğ müəyyən müddətə, məsələn, 12 və ya 24 aya bölünərək annuitet ödəniş cədvəli üzrə müştəri tərəfindən ödənilir. Praktikada ən çox tətbiq olunan forma məhz budur".
Ekspert bildirib ki, digər bir variant məhkəmə qərarı ilə bağlıdır.
"Əgər məhkəmə kredit şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul edərsə və bu qərarın icrası banka yönəldilərsə, kreditin şərtləri dəyişdirilə bilər. Lakin bu hal praktikada nadir hallarda rast gəlinir. Əgər kredit müqaviləsində əvvəlcədən müəyyən güzəştlər nəzərdə tutulubsa, məsələn, 3 və ya 6 aylıq güzəşt müddəti və ya dəyişkən faiz şərtləri bu halda da ödənişlər həmin şərtlərə uyğun tənzimlənə bilər. Ümumilikdə isə güzəştin tətbiqi bankın səlahiyyətindədir və belə qərarlar konkret vəziyyətə uyğun olaraq fərdi qaydada qəbul olunur".

















