“The Guardian” nəşri NATO-nu kino sənayesi vasitəsilə alyansın maraqlarına xidmət edən narrativləri təbliğ etməkdə ittiham edib
Nəşr yazır ki, NATO bu məqsədlə Avropa və ABŞ-da kino və televiziya ssenaristləri, rejissorları və prodüserləri ilə qapalı görüşlər keçirir. Alyans bu yolla geniş auditoriyaya çıxış əldə etməyə və öz təbliğatını yaymağa çalışır.
Alyans artıq Los-Anceles, Brüssel və Parisdə sənaye nümayəndələri ilə üç görüş keçirib və gələn ay Londonda “qapalı söhbətlər seriyasını” davam etdirmək niyyətindədir. Orada peşəkar müəllifləri təmsil edən Böyük Britaniya Ssenaristlər Gildiyasının üzvləri ilə görüş planlaşdırılır.
Londonda nəzərdə tutulan görüş bəzi dəvətlilər arasında ciddi narahatlıq yaradıb. Onlar hesab edirlər ki, onlardan “NATO təbliğatına töhfə vermək” xahiş olunur.
Məlumata görə, bu görüşlərdə “Avropada və onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində inkişaf edən vəziyyət” müzakirə olunur. Tədbirlərdə NATO-nun keçmiş rəsmisi, hazırda baş katibin hibrid təhdidlər, kibertehlükəsizlik və yeni texnologiyalar üzrə köməkçisinin müavini Ceyms Appaturay və alyansın digər nümayəndələri iştirak edir.
Redaksiyanın tanış olduğu məktuba əsasən, bu görüşlər artıq “bu və ya digər dərəcədə həmin söhbətlərdən ilhamlanan üç ayrıca layihənin” ortaya çıxmasına səbəb olub.
Görüşə dəvət alan irlandiyalı ssenarist Alan O-Qorman belə tədbirləri “biabırçı” və “aşkar təbliğat” adlandırıb.
“Bunu hansısa müsbət imkan kimi təqdim etmək mənə tamamilə yerisiz və qəribə göründü. Mənim də daxil olduğum bir çox insanın NATO üzvü olmayan ölkələrdən dostları və qohumları var ki, onlar alyansın iştirak etdiyi müharibələrdən zərər çəkiblər” - deyə o bildirib.
Onun fikrincə, bu görüşlər NATO-nun “öz ideyalarını kino və televiziya vasitəsilə irəli sürmək” cəhdidir.
“Hazırda Avropada sanki müdafiəmiz zəifləmiş kimi bir qorxu atmosferi yayılır. Elə bir təəssürat yaranır ki, mənəviyyatın itiyi və ali məqsədlər naminə insan hüquqlarının pozulmasının qəbul edilə bilən sayıldığı bir “boz zona” mövcuddur. Onlara ictimaiyyətlə nadir hallarda ünsiyyət quran bir strukturdan dürüstlük rəngi verilmiş məlumatlar ötürülür və bu məlumatlara çıxış imkanı onlarda bir imtiyazlılıq hissi yaradır” - deyə o qeyd edib.
“The Guardian”ın sorğusuna cavab olaraq NATO-dan bildirilib ki, görüşlər alyansın fəaliyyətini anlamaqda maraqlı olan sənaye nümayəndələrinin təşəbbüsü ilə keçirilir və ekspertlər, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə dialoqu nəzərdə tutur.
















