1xeber.media xəbər verir ki, Rusiya İstintaq Komitəsinin (İK) sözçüsü Svetlana Petrenko Lenta.ru-ya bildirib ki, Leninqrad vilayətindəki Ust-Luqa limanına yanacaq doldurmaq üçün gələn minalanmış "ARRHENIUS" qaz tankeri Türkiyəyə gedirdi.
İK-nin məlumatına görə, gəmi Belçikanın Antverpen limanından yola düşüb. Mayın 20-də o, yanacaq doldurmaq üçün Ust-Luqa limanına daxil olub və orada yoxlanılıb. Dalğıclar tankerin gövdəsində NATO ölkəsində istehsal olunmuş maqnit minaları aşkar ediblər. Həmin minalar artıq zərərsizləşdirilib. Minalanmış gəmi Türkiyənin Samsun limanına gedirdi.
Dindirmə zamanı gəminin agenti "ARRHENIUS"un Ust-Luqa limanına bir neçə gün gec çatdığını etiraf edib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30, 205 ("Terror aktına cəhd") və 222.1 ("Partlayıcı qurğuların qanunsuz dövriyyəsi") maddələri ilə cinayət işi açılıb.
















