Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və
ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya
xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri
məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır .
Hər iki ölkə SSRİ -nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar
arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında
müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
İki ölkə arasında diplomatik əlaqələr 1992 -ci ilin iyun ayının 9-da qurulub.1999-cu il
iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
90-cı illərin sonlarından etibarən iki ölkə arasında əvvəllər soyuq olan ikitərəfli
münasibətlər tədricən mülayimləşməyə başlayıb. 2008-ci il mayın 19-da Türkmənistanın yeni
prezidenti Qurbanqulu Berdimühəmmədov Azərbaycana rəsmi səfərə gəlib. İki prezidentin
təkbətək görüşü olub. Daha sonra iki dövlət başçılarının qarşılıqlı səfərləri, əmçinin müxtəlif
beynəlxalq tədbirlərdə görüşləri baş tutub.
Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5
işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən
Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında
yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
İqtisadi əlaqələrə gəlincə Sovet dönəmində Türkmənistanın neft sənayesinin
formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynayıblar. Lakin müstəqillik illərində
iki ölkə arasındakı münasibətlərin istənilən səviyyədə olmaması iqtisadi əlaqələrin sürətlə
inkişafına problem yaratmışdır. Yalnız 2000-ci ilin sonlarına doğru Azərbaycan ilə
Türkmənistanın iqtisadi münasibətləri tədricən inkişaf etməyə başlayıb.
Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-loqistika qovşaqları
olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi
çıxış edirlər. Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin
həcmi 15 faiz artaraq 2,344 tona çatıb.
Nəqliyyat sektorunda bu aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur.
2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil
edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon
dollar olaraq qeydə alınıb. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin
təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm
də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində
Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq
münasibətlərinin ən ali təzahürüdür.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin
inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli
şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və
əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan
Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham
Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə
görüşləri keçirilib. Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm
sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin
Birgə Bəyanatını imzalayıblar.
Rəsmi gürüşlərdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki,
“Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində
qurulub”. Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası
əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və
Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və
əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının bildirdiyi
kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim
birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı
fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı.
Qeyd edildi ki, “ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter
daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də
geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında
əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də
çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi
qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi
qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.
Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də
üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı
fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki,
həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Vurğulanıb ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji
ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə
əməkdaşlıq etmək niyyətindədirlər.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)
















