Azərbaycanın nəqliyyat sektorunda son illər böyük layihələr və investisiyalar həyata keçirilsə də, dövlət nəqliyyat qurumlarının maliyyə dayanıqlığı ilə bağlı suallar da gündəmdədir. Bakı Metropoliteni uzun illərdir zərərlə fəaliyyət göstərən dövlət qurumlarından biridir. Təkcə 2024-cü ildə metropolitenin xalis zərəri 139,6 milyon manat olub, yığılmış zərər isə 3,1 milyard manatı ötüb. Son dövrlər isə ölkənin strateji nəqliyyat qurumlarından olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyəti və maliyyə göstəriciləri diqqət çəkir.
Xüsusilə ADY-nin əsas gəlir mənbələrindən biri olan yükdaşımalar üzrə göstəricilər narahatlıq doğurur. 2025-ci ilin yanvar-sentyabr aylarında dəmir yolu ilə yükdaşımadan əldə olunan gəlir 9,8 faiz azalıb. Beynəlxalq yükdaşımaların gəlirində 10,5 faiz, tranzit yükdaşımaların həcmində isə 14 faiz geriləmə qeydə alınıb. Sərnişindaşıma artsa da, bu istiqamətdən əldə olunan gəlirlərin ümumi gəlirdə payı yükdaşımalarla müqayisədə xeyli aşağıdır.
Belə olan halda sual yaranır: ADY-də maliyyə göstəricilərinin pisləşməsi nə ilə bağlıdır – bazar və tranzit imkanlarının dəyişməsi ilə, artan xərclərlə, yoxsa idarəetmədə problemlərlə? Dövlətin milyardlarla manatlıq aktivlərini idarə edən strateji qurumun maliyyə dayanıqlığını təmin etmək üçün hansı addımlar atılmalıdır.
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, ADY-də artan zərər yalnız maliyyə problemi kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, 2024-cü ildə 1,82 milyard manatlıq xalis zərərin yaranması idarəetmə baxımından ciddi araşdırma tələb edir. Burada əsas məsələ yalnız zərərin məbləği deyil, onun hansı səbəblərdən formalaşması və buna hansı idarəetmə qərarlarının təsir etməsidir.
Ekspert qeyd edir ki, məsələni yalnız bazar şərtləri və yükdaşımaların dəyişməsi ilə izah etmək kifayət deyil. Çünki strateji nəqliyyat infrastrukturu idarə edən qurumda xərclərin optimallaşdırılması, aktivlərin səmərəli idarə edilməsi, risklərin qiymətləndirilməsi və konkret performans göstəricilərinin tətbiqi əsas nəzarət mexanizmləri olmalıdır.
Yükdaşımalar azalır
İbrahimovun diqqət çəkdiyi əsas məsələlərdən biri ADY-nin başlıca kommersiya gəlir mənbəyi olan yükdaşımaların dinamikasıdır. 2025-ci ilin yanvar-sentyabr aylarında dəmir yolu ilə yükdaşımadan əldə olunan gəlir 9,8 faiz azalıb. Beynəlxalq yükdaşımaların gəlirində 10,5 faiz, tranzit yükdaşımaların həcmində isə 14 faiz geriləmə qeydə alınıb. Ekspert hesab edir ki, yükdaşımalar şirkətin əsas gəlir mənbəyidirsə, bu istiqamətdə azalmanın qarşısının alınması idarəetmənin əsas vəzifələrindən biri olmalıdır. Bunun üçün yeni yük axınlarının yaradılması, tranzit imkanlarının genişləndirilməsi, marşrutların rəqabət qabiliyyətinin artırılması və logistika xidmətlərinin inkişaf etdirilməsi vacibdir.
2024-cü ildə ADY yükdaşımalardan 483,1 milyon manat, sərnişindaşımadan isə 11,7 milyon manat gəlir əldə edib. Bunun fonunda 1,82 milyard manatlıq xalis zərərin yaranması gəlirlər və maliyyə nəticələri arasında böyük fərq olduğunu göstərir.
Aktivlər niyə azalıb?
İbrahimovun sözlərinə görə, digər ciddi sual şirkətin aktivləri ilə bağlıdır. 2024-cü ilin sonunda ADY-nin aktivləri 4,46 milyard manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə təxminən 25 faiz azalma deməkdir. Ekspert hesab edir ki, aktivlərin belə kəskin azalmasının səbəbləri - amortizasiya, dəyərsizləşmə, silinmə, yenidən qiymətləndirmə və digər mühasibat əməliyyatları - ayrıca araşdırılmalıdır. Eyni zamanda 2024-cü ilin sonunda balans kapitalı 3,29 milyard manat olub. 1,82 milyard manatlıq illik zərərin kapitala nisbəti isə təxminən 55 faiz təşkil edir. Bununla belə, ekspert vurğulayır ki, zərərin strukturunu bilmədən bütün məbləği birbaşa əməliyyat səmərəsizliyi kimi qiymətləndirmək düzgün olmaz. Əgər zərərin böyük hissəsi aktivlərin dəyərsizləşməsi, məzənnə fərqləri və digər qeyri-nağd əməliyyatlardan yaranıbsa, bu, şirkətin həmin məbləği real olaraq nağd şəkildə itirməsi anlamına gəlmir.
Əksinə, zərərin əsas hissəsi davamlı əməliyyat və maliyyə xərclərindən formalaşıbsa, bu halda artıq şirkətin iqtisadi səmərəliliyi və dövlət vəsaitlərinin idarə olunması məsələsi gündəmə gəlir.
Problem yalnız ADY-də deyil
İbrahimov hesab edir ki, ADY-nin göstəriciləri Azərbaycandakı dövlət şirkətlərinin idarəetmə modelinə daha geniş prizmadan baxmağı zəruri edir.
Bu baxımdan Bakı Metropoliteninin 2024-cü il üzrə nəticələrini də nümunə göstərmək olar. Metropoliten ili 139,6 milyon manat xalis zərərlə başa vurub. Zərər əvvəlki illə müqayisədə 81,6 faiz artıb. Eyni zamanda gəlirlər 22,4 faiz artsa da, əməliyyat xərcləri 44,3 faiz yüksələrək 294,2 milyon manata çatıb.
Ekspertin fikrincə, bu rəqəmlər dövlət şirkətlərində yalnız gəlirin artmasına deyil, gəlirin hansı xərc hesabına əldə olunmasına və bunun maliyyə dayanıqlığına necə təsir etdiyinə baxmağın vacibliyini göstərir.
Onun sözlərinə görə, artıq dövlət şirkətlərinə münasibətdə “mənfəətlə işləyir, yoxsa zərərlə?” sualı kifayət etmir. Əsas məsələ dövlətin həmin şirkətə qoyduğu kapitalın və aktivlərin nə qədər effektiv idarə olunmasıdır.
Vahid səmərəlilik sistemi
Asif İbrahimov hesab edir ki, dövlət şirkətlərində nəticəyə əsaslanan idarəetmə sistemi qurulmalıdır. Rəhbərliyin fəaliyyəti konkret KPI-larla - aktivlərin gəlirliliyi, əməliyyat xərclərinin gəlirlərə nisbəti, əmək məhsuldarlığı, subsidiya asılılığı, borclanma səviyyəsi, investisiyaların geri dönüşü, xidmət keyfiyyəti və digər göstəricilərlə ölçülməlidir.
Onun fikrincə, ADY, Bakı Metropoliteni və digər dövlət şirkətləri üzrə vahid “Dövlət Şirkətlərinin Səmərəlilik İndeksi”nin tətbiqi mümkün ola bilər. Bu zaman hər bir şirkətin maliyyə göstəriciləri ilə yanaşı, dövlət aktivlərindən yaratdığı iqtisadi və ictimai dəyər də qiymətləndirilər.
Ekspert bildirir ki, dövlət şirkətinin strateji və sosial funksiyaları səbəbindən zərərlə işləməsi müəyyən hallarda mümkündür. Lakin əsas məsələ zərərin səbəbinin və idarəetmə qərarlarının nəticələrinin şəffaf şəkildə ortaya qoyulmasıdır.
“Əgər problem idarəetmədədirsə, idarəetmə dəyişməlidir. Problem xərclərdədirsə, xərclər optimallaşdırılmalıdır. Əsas gəlir mənbəyi olan yükdaşımalar azalırsa, bunun qarşısını almaq üçün konkret kommersiya və logistika strategiyası hazırlanmalıdır”, - deyə ekspert vurğulayır.
Onun fikrincə, 2024–2026-cı illər üzrə ADY-nin gəlirlərinin, xərclərinin, aktivlərinin, kapitalının və yükdaşımalarının dinamikası kompleks şəkildə təhlil edilməlidir. Çünki yalnız bu halda görülən tədbirlərin real nəticə verib-vermədiyini müəyyənləşdirmək mümkündür.
Nəticə etibarilə məsələ təkcə ADY-nin maliyyə hesabatı deyil. Söhbət ölkənin strateji infrastrukturunun və dövlət aktivlərinin nə qədər səmərəli idarə olunmasından gedir.
















