Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə
rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının
həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini
qəbul edib. Bu görüşün TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü və Şeyx
Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirildiyi mühüm
tarixi-siyasi mərhələyə təsadüf etməsi olduqca vacibdir. Belə ki, konfrans yalnız görkəmli Azərbaycan
mütəfəkkirinin irsinin öyrənilməsi baxımından deyil, həm də Türk dünyası, İslam aləmi və Qafqaz
arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin nümayəndə heyətinin qəbulu zamanı səsləndirdiyi fikirlər isə Azərbaycanın
tarixə, milli-mənəvi irsə, Türk dünyasına, Qafqaza və regional sülhə münasibətinin bütöv
konsepsiyasını ortaya qoyub. Dövlətimizin başçısı çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə
bəxş etdiyi böyük şəxsiyyətlərin xüsusi vurğulanması təsadüfi deyil. Çünki Azərbaycan tarixinin ən
mühüm xüsusiyyətlərindən biri onun yalnız milli deyil, eyni zamanda ümumbəşəri mədəniyyətə mühüm
töhfələr verməsidir.
Azərbaycan xalqının yetişdirdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid
Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər əsrlər boyu yalnız
Azərbaycanın deyil, bütövlükdə Şərq və İslam dünyasının elmi, fəlsəfi, ədəbi və mənəvi düşüncəsinin
inkişafına təsir göstəriblər. Bu böyük şəxsiyyətlərin irsi zaman və coğrafiya sərhədlərini aşaraq dünya
mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Məhz bu baxımdan Şeyx Seyid Yəhya Bakuvi irsinə həsr
edilmiş beynəlxalq elmi-praktiki konfransın Bakıda keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır.
Bakuvi yalnız Azərbaycan tarixinin böyük mütəfəkkiri deyil, Türk-İslam düşüncə məkanında mühüm iz
qoyan şəxsiyyətdir. Onun irsində mənəvi kamillik, insan həmrəyliyi, mötədillik, elm və dialoq kimi
dəyərlərin mühüm yer tutması müasir dövrün çağırışları ilə də səsləşir.
Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın həm Türk
dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın
geosiyasi və tarixi mövqeyinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan
bir tərəfdən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə bağlı olduğu Türk dünyasının fəal
üzvüdür, digər tərəfdən isə Qafqazın mərkəzində yerləşən və bu regionun siyasi, iqtisadi, nəqliyyat və
təhlükəsizlik proseslərinə birbaşa təsir göstərən dövlətdir. Ölkəmizin bu iki mühüm coğrafi və
sivilizasiya məkanının kəsişməsində yerləşməsi ona xüsusi strateji üstünlüklər verir. Bakı həm Türk
dünyasının müxtəlif coğrafiyalarını birləşdirən siyasi və nəqliyyat platformalarından biri, həm də
Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm mərkəzdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixən Türk dünyası ilə Qafqaz arasında sıx əlaqələr
mövcud olub. Azərbaycanın qədim dövlətçilik tarixi, Qafqaz Albaniyası irsi, Atabəylər dövlətinin
Naxçıvanla bağlı tarixi, Azərbaycan ərazisinin müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu
məkan olması bu coğrafiyanın tarixi bütövlüyünü göstərir. Bu baxımdan Azərbaycanın Türk dünyası və
Qafqaz arasında əlaqələndirici rolunun gücləndirilməsi müasir dövrün mühüm siyasi reallıqlarından
biridir.
Azərbaycanın sülh prosesini dəstəkləməsi, Ermənistanla uzunmüddətli sülhün təmin
olunmasına olan istəyi, lakin Azərbaycan xalqına qarşı törədilən faciələri və vəhşilikləri heç vaxt
unutmayacağı Prezident İlham Əliyevin çıxışının ən mühüm siyasi mesajlarından biri olub. Dövlətimizin
başçısının çıxışı Azərbaycanın yalnız bugünkü siyasi mövqeyini deyil, həm də gələcəyə dair strateji
baxışını nümayiş etdirib. Belə ki, Azərbaycan sülh istəyir, regionda sabitliyin təmin olunmasını
dəstəkləyir və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasında maraqlıdır. Lakin bütün bunlarla
yanaşı, Azərbaycan öz tarixini, şəhidlərini, Xocalı qurbanlarını, dağıdılmış şəhər və kəndlərini, məhv
edilmiş mədəni-dini irsini heç vaxt unutmayacaq. Bu təbii ki, ziddiyyət deyil. Əksinə, güclü dövlət
siyasətinin iki mühüm prinsipinin, sülhə sadiqliyin və milli yaddaşa bağlılığın vəhdətidir. Azərbaycanın
mesajı aydındır. Gələcəyə sülhlə baxmaq mümkündür, lakin gələcəyi qurmaq üçün keçmişin dərslərini
unutmaq olmaz.
Günel Cəfərova,
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi

















