Son dövrlərdə regional sülh və təhlükəsizlik müzakirələrinin fonunda Qarabağ və Şərqi Zəngəzurun mədəni-tarixi irsi ətrafında aparılan informasiya müharibəsi yeni mərhələyə qədəm qoyub. Ermənistanın və onun himayədarlarının regional revanşizm cəhdlərinin əsas hədəflərindən biri məhz Kəlbəcərdəki Xudavəng və Ağdərədəki Gəncəsər monastırlarıdır. Bəs bu qədim abidələri dünya üçün belə vacib edən nədir və tarix nə üçün saxtalaşdırıla bilmir?
Daşların Gizlədilən Vəsiqəsi
AMEA Arxeologiya və Antropologiya İnstitutunun məlumatları və aparılan son sahə tədqiqatları sübut edir ki, Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırının ilkin tikililəri V-VI əsrlərə – bölgədə erkən xristianlığın çiçəkləndiyi dövrə təsadüf edir. Albaniya dövlətinin süqutundan sonra da bu irs yerli məlikliklər, xüsusilə Xaçın məlikliyi tərəfindən yaşadılıb. Monastır ərazisindəki qəbirlər, epiqrafik yazılar və daş kitabələr xristian alban-türk mühitinin silinməz izləridir.
Tarixi sənədlər göstərir ki, 13-cü əsrdə bu torpaqlarda hökmranlıq etmiş məşhur Həsən Cəlal sülaləsinin erməni etnosu ilə heç bir əlaqəsi olmayıb. Onun daşıdığı "Atabəy" titulu və məbəd divarlarına həkk olunmuş arxitektur detallar sırf yerli alban mədəniyyətinin məhsuludur.
1836-cı İl Fərmanı: İnzibati Qərardan Siyasi İstismara
Qarabağ və Şərqi Zəngəzurun dini mərkəz statusu təsadüfi formalaşmayıb. 1240-cı ildə Alban Apostol Kilsəsi Katolikosluğunun iqamətgahı Gədəbəydəki Həmşivəng monastırından məhz Gəncəsərə köçürülüb. Bu mərkəz təkcə ibadət yeri deyil, həm də dövrünün elm, təhsil və mədəniyyət ocağı olub.
Lakin 1836-cı ildə Çar Rusiyasının Müqəddəs Sinodunun fərmanı ilə Alban Katolikosluğu ləğv edilərək idarəçilik Eçmiədzin kilsəsinə verilib. Bu, çarizmin Cənubi Qafqazda yerli xristian elementləri bir mərkəzdə əritmək siyasətinin tərkib hissəsi idi. İllər keçdikcə bu inzibati qərar abidələrin mənşəyini dəyişdirmək üçün siyasi alətə çevrildi.
Otuz İllik İşğal və "Tarix Oğurluğu"
Abidələrin fiziki mövcudluğuna ən böyük zərbə isə 30 illik işğal dövründə vurulub. Azərbaycan arxeoloqlarının və beynəlxalq diplomatların yerindəcə apardıqları monitorinqlər dəhşətli faktları ortaya qoyur. Monastırların divarlarındakı qədim alban kitabələrinin bir hissəsi sürtülərək silinib, bəzi yerlərdə isə süni üsulla yeni yazılar və xaçkarlar yerləşdirilib. Hətta region tərk edilərkən Xudavəngdəki unikal freskalar və tarixi artefaktlar qanunsuz olaraq sökülüb xaricə daşınıb. Xarici diplomatlara nümayiş etdirilən "qədim dini sənədlərin" əslində cildlənmiş boş kağızlar olması isə bu saxtakarlığın kulminasiya nöqtəsidir.
Həqiqətin Sahibi: Azərbaycan Multikulturalizmi
Bu gün Azərbaycan Alban-Udi Xristian İcması bu abidələrin qanuni varisi kimi öz dini ayinlərini məhz bu məbədlərdə icra edir. Bu fakt Ermənistanın "monoetnik xristian irsi" tezisini tamamilə alt-üst edir.
Dövlət tərəfindən həyata keçirilən "Alban Mədəniyyəti Marşrutu" layihəsi və Xudavəngdə aparılan irimiqyaslı arxeoloji qazıntılar bu irsi dünya elminə yenidən qazandırır. Daşların üzərindəki yazıları silmək, divarları qoparmaq olar, lakin tarixin pozulmaz yadddaşını və bu irsin qanuni sahibi olan Azərbaycan xalqının varislik hüququnu heç bir siyasi manipulyasiya ilə yox etmək mümkün deyil.
Aidə Tofiqqızı
















