Azərbaycanda məktəbli forması və dini baş örtüyü ilə bağlı müzakirələr davam edir. Məsələ ilə bağlı Ağaverdi Xəlil məktəbli geyimində dünyəvilik və milli ənənələr arasında tarazlığın qorunmasının vacibliyini vurğulayıb.
AMEA Folklor İnstitutu Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri Ağaverdi Xəlil bu barədə “Yeni Sabah”a danışıb.
O bildirib ki, məktəbli forması ilə bağlı müzakirələrə cəmiyyətin müxtəlif sosial qruplarının nümayəndələri də qoşulub:
“Ölkəmizdə məktəbli formasının tətbiqi ilə bağlı məsələ təhsillə əlaqəli çevrələrdə ciddi müzakirələr yaradıb. Bu müzakirələrə cəmiyyətin ən müxtəlif sosial qruplarının nümayəndələri də qoşulub və müzakirələr genişlənib. Məktəbli forması təhsil işçiləri tərəfindən dünyəvilik prinsipi əsas götürülməklə şagirdlərin hüquqlarına uyğun olduğu qəbul edilir. Burada əsas məsələ yalnız məktəbli geyiminin olub-olmaması deyil, həm də şagirdin təhsil hüququnun qorunması, seçim azadlığına hörmət və məktəb mühitində qarşılıqlı anlaşmanın təmin edilməsidir.
Geyim məsələsi bəzi insanlar üçün dini inancın, mənəvi dəyərlərin və şəxsi kimliyin ifadəsidir. Bu baxımdan onun geyinilməsi fərdi seçim və geyim azadlığı ilə əlaqələndirilir. Məlumdur ki, məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, bərabər imkanlar yaratmaq və təhsil mühitində ümumi qaydaları qorumaqdır. Bu yanaşmada məktəbin vahid geyim və davranış normaları əsas götürülə bilər. Hüquqi baxımdan geyim ilə bağlı qərarlar dini etiqad azadlığı, təhsil hüququ, ayrı-seçkiliyin yolverilməzliyi və qüvvədə olan təhsil qaydaları nəzərə alınmaqla qiymətləndirilməlidir”.
A.Xəlil məktəbli formasının tətbiqinin bir sıra məqsədlərlə əsaslandırıldığını bildirib. Onun sözlərinə görə, vahid geyim şagirdlər arasında maddi imkan fərqlərinin nümayişini azaltmağa, məktəbdə intizamı və kollektiv məsuliyyət hissini gücləndirməyə, həmçinin gündəlik geyim seçimi ilə bağlı çətinlikləri azaltmağa kömək edə bilər.
Bununla yanaşı, şöbə müdiri məktəbli formasının qiymətinin, rahatlığının, iqlimə uyğunluğunun və ailələrin maddi imkanlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. O, məktəbli forması ilə baş örtüyü məsələsinin bir-birinə zidd qoyulmamasının mümkün olduğunu da bildirib.
“Bu iki məsələni bir-birinə zidd qoymaq mütləq deyil. Məktəbli forması ilə baş örtüsünün uyğunlaşdırılması mümkün ola bilər. Məsələn, məktəbin ümumi rəng və geyim standartlarını qorumaqla dini səbəblərdən baş örtüyü taxan şagirdlərin hüquqlarının necə təmin ediləcəyini müzakirə etmək olar”, - deyə A.Xəlil bildirib.
O, azyaşlı uşaqların dini baş örtüyü taxmasına münasibətini də açıqlayıb.
“Azyaşlı uşaqların dini başörtüsü geyməsi yanlışdır. Bunun mühafizəkar mömin dairələrdən kənarda müsbət izahı yoxdur. Bəzi qadınların qara çadra geyməsi də cəmiyyətdə xoş qarşılanmır. Mühafizəkar dini geyim formasının məktəb daxilinə gətirilməsi təhsilə mənəvi töhfə verməz. Bununla yanaşı, baş örtüsündən istifadə edən müəllimlər və yuxarı sinif şagirdləri anlayışla qarşılanmalı və məktəbdəki fəaliyyətləri məhdudlaşdırılmamalıdır. Bu istiqamətdə inzibati metodlara deyil, daha çox maarifçi yönümə yer verilməli və dünyəvi modelə uyğunlaşdırma istiqamətində tədrici addımlar atılmalıdır. Birdən-birə məktəbin qapısını şagirdin və müəllimin üzünə bağlamaq olmaz. Hökumətin vahid məktəbli geyimi qərarı təkmilləşdirilməlidir, dünyəviliklə millilik arasında ortaq nöqtə axtarılmalıdır”, - deyə o vurğulayıb.
A.Xəlil hesab edir ki, məktəbli geyimində milli ənənələr də nəzərə alınmalıdır:
“Təklif edilən məktəbli forması özündə milli geyim ənənələrindən gələn xüsusiyyətləri də bu və ya digər şəkildə özündə əks etdirsə daha doğru olar. Dünyada öz milli geyimlərinə sadiq xalqların təhsil sahəsindəki nailiyyətləri məlumdur.Milli geyim elementlərini də özündə əks etdirən məktəbli forması yuxarı sinif şagirdləri üçün baş örtüsünün milli formalarından istifadəni istisna etməməlidir”.
Onun sözlərinə görə, məktəbli formasının tətbiqi ilə milli geyim ənənələri arasında əlaqə yaratmaq mümkündür. Bunun üçün vahid geyim qaydalarının məqsədi aydın olmalı, qaydalar ədalətli tətbiq edilməli, ailələrin maddi imkanları nəzərə alınmalı və şagirdlərin hüquqlarına hörmət göstərilməlidir.














