1xeber.media xəbər verir ki, ABŞ İranda hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı yeni zərbə planları hazırlayıb. CNN telekanalının amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, bu planlara İranın enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün “bütün bombaların anası” kimi tanınan MOAB bombasından istifadə ehtimalı da daxildir.
Söhbət ABŞ ordusunun arsenalında olan ən böyük qeyri-nüvə bombası sayılan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasından gedir. Bu silahın mümkün istifadəsi regionda hərbi qarşıdurmanın daha da kəskinləşməsinə səbəb ola bilər.
CNN-in mənbələri bildiriblər ki, ABŞ rəsmiləri bombanın tətbiqinin qarşıya qoyulan strateji məqsədlərə çatmağa kömək edib-etməyəcəyinə dair şübhələr ifadə edirlər. Bununla belə, Ağ Evdə son həftələr ərzində İrana qarşı mümkün addımların müxtəlif variantları müzakirə olunub.
Məlumata görə, ABŞ prezidenti hərbçilərə İrandakı hədəflərə zərbələr endirilməsi ilə bağlı planlar hazırlamağı tapşırıb. Bu planlarda ölkənin enerji infrastrukturunun əhəmiyyətli hissəsinin hədəfə alınması variantı da nəzərdən keçirilib.
Mənbələrdən birinin sözlərinə görə, hərbi planlara “bütün bombaların anası”nın Pikaç dağındakı hədəflərə qarşı tətbiqi də daxil edilib. Kolang Qaz La və ya Kirka adı ilə də tanınan bu ərazidə, ABŞ və İsrailin ehtimallarına görə, İranın nüvə proqramı ilə əlaqəli komponentlər saxlanılır.
Bununla belə, bombanın istifadəsi ilə bağlı yekun qərarın verildiyi barədə məlumat yoxdur. Hazırda açıqlanan məlumatlar mümkün hərbi əməliyyatlar üçün hazırlanan planlarla bağlıdır.














