1xeber.media xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avrasiya İqtisadi Birliyində (AİB) ölkəsinin üzvlüyünün dayandırılması ehtimalını şərh edib.
Nazir bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Mirzoyan AİB tərəfdaşlarının Ermənistanın üzvlüyünün mümkün dayandırılması ilə bağlı hesabatında göstərilən əsaslarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan təşkilat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmayıb və pozmaq niyyətində deyil.
Nazir qeyd edib ki, üzvlüyün dayandırılması və ya ölkənin təşkilatdan çıxarılması üçün hüquqi əsasların mövcudluğu məsələsi mübahisəlidir. O, tərəfdaş ölkələri həm təşkilat çərçivəsində, həm də ikitərəfli münasibətlərdə öhdəliklərini vicdanla yerinə yetirməyə çağırıb.
Mirzoyan vurğulayıb ki, Ermənistanın gələcək qərarlarında dövlətçilik, milli maraqlar, suverenlik və müstəqillik əsas götürüləcək. O, bu prinsiplərin müzakirə və ya sövdələşmə predmetinə çevrilə bilməyəcəyini deyib.
Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin birgə hesabatında Ermənistanın AİB üzvlüyünün dayandırılmasının ölkə iqtisadiyyatına mümkün təsirləri qiymətləndirilib.
















