1xeber.media xəbər verir ki, Pentaqonun məxfilikdən çıxarılan yeni sənədlərində ABŞ-ın Rozuell aviabazasının keçmiş zabiti Uolter Hautun yadplanetlilərə aid olduğu iddia edilən cəsədlər və kosmik aparat barədə ifadələri yer alıb.
“NewsNation”ın oktyabrın 27-də yaydığı məlumata görə, Haut 1947-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin Rozuell bazasında xidmət edərkən baş verdiyi iddia edilən hadisənin şahidi olub.
Həmin vaxt hərbçilər əvvəlcə aviabazanın yaxınlığında “uçan disk” aşkar edildiyini açıqlasalar da, sonradan bu məlumatı geri götürüblər. Rəsmi açıqlamada tapılan obyektin meteoroloji şar olduğu bildirilib.
Oktyabrın 23-də açıqlanan sənədlərə əsasən, Haut 2002-ci ildə and altında verdiyi ifadəsində bazada brezentlə örtülmüş, yumurta formasına bənzər obyekt gördüyünü iddia edib. Onun sözlərinə görə, ərazidə iki naməlum varlığın cəsədi də olub.
Keçmiş zabit həmin varlıqların uşaq ölçüsündə olduğunu, lakin başlarının bədənlərinə nisbətən qeyri-mütənasib dərəcədə böyük göründüyünü bildirib.
Qeyd edək ki, Rozuell hadisəsi onilliklərdir yadplanetlilərlə bağlı müzakirələrin mövzusu olaraq qalır. Bununla belə, Hautun ifadələri yadplanetlilərin mövcudluğunu və ya hadisənin həqiqətən kosmik aparat qəzası olduğunu təsdiqləyən müstəqil sübut hesab edilmir.
















