1xeber.media xəbər verir ki, Ukrayna Rusiyanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlük statusuna son qoyulması üçün hüquqi-siyasi plan hazırlayıb.
“Foreign Policy” nəşrinin oktyabrın 28-də dərc etdiyi məlumata görə, təşəbbüs Rusiyanın 1991-ci ildə SSRİ dağıldıqdan sonra BMT-dəki yerini tutmasının hüquqi əsaslarını mübahisələndirməyə yönəlib.
Planın müəllifləri hesab edirlər ki, Rusiya Sovet İttifaqının BMT-dəki yerini tutarkən təşkilata yeni üzv qəbul edilməsi üçün nəzərdə tutulan formal prosedurdan keçməyib. Buna görə də onlar bu məsələnin BMT Baş Assambleyasının gündəliyinə çıxarılmasını təklif edirlər.
Təşəbbüs çərçivəsində məsələnin BMT-nin Etimadnamələr Komitəsinə yönləndirilməsi də nəzərdə tutulur. Bu yolla Rusiyanın təşkilata üzvlüyünün hüquqi əsaslarının müzakirəyə çıxarılması hədəflənir.
Bununla belə, Rusiyanın BMT-dən çıxarılması ehtimalı olduqca aşağı qiymətləndirilir. Xüsusilə, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu qurumda veto hüququna malikdir. Təşəbbüsün müəllifləri isə hesab edirlər ki, məsələ ətrafında müzakirələrin başlanması belə siyasi əhəmiyyət daşıya bilər.
















