1xeber.media xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Qərbi Saharada fəaliyyət göstərən BMT missiyasının mandatının uzadılması ilə bağlı nə Rusiya, nə də ABŞ tərəfindən irəli sürülən qətnamə layihəsini qəbul edib.
Oktyabrın 30-da Rusiya ABŞ-ın hazırladığı qətnamə layihəsinə veto qoyub. Bunun nəticəsində bölgədəki BMT sülhməramlı missiyasının mandatı müddətinin başa çatmasına cəmi bir gün qalmış uzadılmayıb.
Bundan sonra Rusiya mövcud mandatın texniki qaydada uzadılmasını nəzərdə tutan alternativ layihə təqdim edib. Lakin bu sənəd də lazımi səs çoxluğunu qazana bilməyib. Layihənin lehinə üç ölkə səs verib, ABŞ əleyhinə çıxıb, 11 ölkə isə bitərəf qalıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ-ın hazırladığı qətnamə layihəsinin qəbul edilməsi Qərbi Sahara münaqişəsinin nizamlanması prosesini geriyə apara bilərdi.
Qeyd edək ki, Qərbi Saharanın müstəqilliyi uğrunda 1970-ci illərdən etibarən POLİSARIO Cəbhəsi mübarizə aparır. Mərakeş isə ərazini özünün ayrılmaz hissəsi hesab edir və yalnız krallıq tərkibində muxtariyyət verilməsini mümkün sayır. Bölgədəki silahlı qarşıdurmalar 1991-ci ildə BMT missiyasının yerləşdirilməsi ilə dayandırılmışdı.















