1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ehtimalı azalıb.
Siyasi ekspert Georgi Bovt “Business FM” radiosunun efirində bildirib ki, hazırda belə bir görüşün baş tutacağını gözləmir. Onun sözlərinə görə, əvvəllər üçtərəfli format müzakirə olunsa da, son vaxtlar bu məsələ ilə bağlı müzakirələr səngiyib.
Bununla belə, ekspert Tramp-Putin və Putin-Si Cinpin arasında ikitərəfli görüşlərin keçirilməsini istisna etməyib. Bovt qeyd edib ki, belə görüşlərin baş tutması ilə yanaşı, onların hansı məzmun daşıyacağı da əhəmiyyətlidir.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Çin tərəfinin Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşünə hazırlıq gördüyünü bildirmişdi. Görüşün Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi ehtimalı müzakirə olunurdu.
















