Azərbaycanda qanunvericilikdə müəyyən hallarda uşağın ananın himayəsindən alınaraq ataya verilməsi və ananın aliment ödəməyə məcbur edilməsi mümkündür.
Hüquqşünas Tağı Hüseynov bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüquqlarından məhrumetmənin əsasları müəyyənləşdirilib.
Onun sözlərinə görə, həmin maddədə nəzərdə tutulan hallar mövcud olduqda uşağın anadan alınaraq atanın himayəsinə verilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilə bilər.
Hüquqşünas qeyd edib ki, valideynin xroniki narkomaniya və ya alkoqolizm xəstəliyindən əziyyət çəkməsi, uşağa qarşı zorakılıq göstərməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi, valideynlik vəzifələrini yerinə yetirməməsi, üzrlü səbəb olmadan uşağı doğum evindən götürməkdən imtina etməsi, eləcə də aliment ödəməkdən qəsdən boyun qaçırması valideynlik hüquqlarından məhrumetmə üçün əsas ola bilər.
Tağı Hüseynovun sözlərinə görə, məhkəmə təcrübəsində bu halların sübut edilməsi müəyyən çətinliklər yaradır. Xüsusilə uşağın yaşı və onun fikrinin nəzərə alınması məsələsi belə işlərdə əhəmiyyət daşıyır.
O bildirib ki, praktikada uşağın yeddi yaşına çatmasından sonra onun hansı valideynlə yaşamaq istədiyinin öyrənilməsi məsələsi daha çox aktuallaşır. Bununla yanaşı, valideynlik hüquqlarından məhrumetmə üçün qanunda göstərilən əsaslar mövcud olduqda və müvafiq sübutlarla təsdiqləndikdə, uşağın atanın himayəsinə verilməsi də mümkündür.
Hüquqşünas vurğulayıb ki, uşağın ataya verilməsi halında ananın da aliment ödəmək öhdəliyi yarana bilər. Belə ki, ata məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün anadan aliment tutulmasını tələb edə bilər.
“Valideynlərin hüquq və vəzifələri bərabərdir. Kişilərə şamil olunan hüquqi vəzifələr qadınlara da aiddir. Necə ki, ata uşağın saxlanılması üçün aliment ödəməlidir, eyni qaydada uşaq ananın deyil, atanın himayəsində olduqda ana da aliment ödəməlidir”, – deyə Tağı Hüseynov bildirib.
















