Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verib.
1xeber.media gununsesi.info-ya istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İlham Əliyev ittiham aktında qeyd olunan məsələlərə dair suallara cavab verib.
İlham Əliyev məhkəmə kollegiyasından cinayət işində şahid qismində tanınan həyat yoldaşının prosesə çağırılmamasını xahiş edib.
O bildirib ki, baş verən hadisələrdən sonra həyat yoldaşının vəziyyəti ağırlaşıb, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir.
Kürəkəninin sözlərinə görə, həyat yoldaşının səhhəti ağır olduğundan onun məhkəmə prosesinə çağırılmasını istəmir.
Qeyd edək ki, məhkəmədə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bərabər oğlu Timur Mehdiyev də iştirak edib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
















