ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlər barədə fikirlərini bölüşüb.
1xeber.media xəbər verir ki, bu barədə o, “Axel Springer” media konserninin rəhbəri Matthias Döpfnerin “YouTube” platformasında yayımlanan podkastında danışıb.
Kuşner Putinin danışıqlara hər zaman ciddi hazırlaşdığını, müzakirə olunan məsələləri dərindən anladığını və öz mövqeyini qətiyyətlə müdafiə etdiyini bildirib.
“Putin həmişə çox yaxşı hazırlaşmış olur, düşünülmüş şəkildə danışır. Söhbətlərimiz zamanı çoxlu qeydlər aparır və eşitdiklərini dəqiq şəkildə çatdırır. Aydındır ki, o, müzakirə olunan məsələləri dərindən anlayır və bu mövzularda çox qəti mövqeyə malikdir”, – deyə Kuşner qeyd edib.
O əlavə edib ki, ABŞ nümayəndələri Putinlə görüşlərdən əvvəl xüsusi hazırlıq görür və Rusiya prezidentinin köməkçiləri Yuri Uşakov, Vladimir Medinski, eləcə də xüsusi nümayəndə Kirill Dmitriyevlə əlaqə saxlayırlar.
Eyni müsahibədə Kuşner Putini tarixi şəxsiyyət adlandırıb.
“Onun etdiklərini bəyənmək və ya rədd etmək olar, lakin o, şübhəsiz ki, siyasətin böyük ustadıdır”, – deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.
















