Dekabrın 15-də Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində Azərbaycanda insan hüquqları (Əli Kərimlinin işi və parlament dinləməsi) mövzusunda tədbir keçiriləcəyi barədə məlumat yayılıb.
Məlumatda bildirilir ki, tədbirin təşkilatçısı Mühafizəkarlar Partiyasının İnsan Hüquqları Komitəsidir. Partiya daxilində yayılan dəvətdə tədbirdə Əli Kərimlinin övladları — Türkel Kərimli və Sezan Kərimlinin iştirak edəcəyi qeyd olunur. Ən diqqətçəkən məqam isə tədbirə komitə sədri Tim Lautonun (Loughton) moderatorluq etməsidir.

Tim Lauton ilk dəfə 1997-ci ildə Şərqi Uortinq və Şorhem seçki dairəsindən parlament üzvü seçilib və İcmalar Palatada 27 il fəaliyyət göstərib. (2001, 2005, 2010, 2015, 2017 və 2019-cu illərdə yenidən seçilib)
Böyük Britaniya Erməni Milli Konqresinin (ANC UK) məlumatına görə, 2020–2024-cü illərdə Parlamentin Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG Armenia) sədri olub. Qrupun rəsmi reyestrində Louton 2023-cü ilin aprelində və 2024-cü ilin aprelində sədr və rəsmi əlaqələndirici şəxs (Chair & Registered Contact) kimi göstərilib.

Burada katiblik rəhbəri kimi (ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs) kimi adı qeyd olunan Annette Moskofian Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC UK) sədri və Britaniya parlamentindəki Ermənistan üzrə Bütün Partiyalar Parlament Qrupunun (APPG for Armenia) katibliyinin (Secretariat) rəhbəridir.
Britaniya parlamentində və hökumət dairələrində erməni diasporunun maraqlarını təmsil edən əsas lobbiçilərdən biridir. O, Britaniya parlamentində qondarma "erməni soyqırımı"nın tanınması qanun layihələrinin irəli sürülməsi, Azərbaycan əleyhinə qətnamələrin müzakirəsi, Qarabağ məsələsi və Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə bağlı Britaniya deputatlarının parlamentdə suallar qaldırması istiqamətində fəal iş aparır.

20 may 2025-ci ildə Ermənistanın Londondakı səfirliyinin Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG) üzvləri və “Parliamentary Friends of Armenia” qrupu üçün təşkil etdiyi qəbulda Tim Lauton Ermənistan–Böyük Britaniya münasibətlərinin möhkəmləndirilməsindəki uzunmüddətli xidmətlərinə görə təltif olunub.
Ermənistan Parlamenti adından ona Ermənistan Milli Məclisinin medalı təqdim edilib. Tim Lauton “Facebook” hesabında Ermənistan səfirliyində keçirilən qəbulda Ermənistana dəstək və erməni soyqırımının tanınması istiqamətindəki parlament fəaliyyətinə görə səfir Nersesyan tərəfindən Ermənistan Respublikası Milli Assambleyasının Fəxri Medalı ilə təltif olunmasından böyük qürur duyduğunu yazıb.
Tim Louton 2021-ci il noyabrın 9-da 1915–1923-cü illər hadisələrinin Britaniya hökuməti tərəfindən "erməni soyqırımı" kimi rəsmən tanınmasını tələb edən qanun layihəsinin müəllifi olub.

14 sentyabr 2022-ci ildə Böyük Britaniya Parlamentindəki Böyük Britaniya–Ermənistan dostluq qrupu adından bəyanat yayan deputat Tim Louton Azərbaycanın Ermənistana qarşı "son təcavüzünü" pisləyərək rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
1 avqust 2022-ci ildə Tim Loutonun təşkilatçılığı ilə britaniyalı deputatlar xarici işlər naziri Ceyms Kleverliyə "davam edən vəhşiliklərə qarşı Britaniya Hökumətinin sükutunu pozmağa" çağıran məktub yazıblar.
23 avqust 2023-cü ildə o, Britaniya hökumətinin Dağlıq Qarabağda Azərbaycanın etnik təmizləmə siyasətinə qarşı qətiyyətli cavabının "açıq-aydın çatışmadığına" görə tənqid edib.
Tim Louton Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Vestminster Zalında Qarabağla bağlı iki müzakirənin - 24 yanvar 2023-cü ildə "Laçın dəhlizi və Dağlıq Qarabağ" (Hansard, Cild 726) və 19 mart 2024-cü ildə "Dağlıq Qarabağ: erməni qaçqınları" (Hansard, Cild 747) təşkilatçısı və fəal iştirakçısı olub.


Bütün bu deyilənlərin fonunda bir məqam xüsusilə aydın görünür: Azərbaycana qarşı qərəzli ittihamları, təhrif etdiyi faktları və uydurma iddiaları ilə açıq-aşkar seçilən Tim Loutonun məhz Əli Kərimli ilə bağlı müzakirə və tədbirlərin önündə dayanması heç də təsadüf deyil.
Azərbaycanın suverenliyinə, haqq işinə qarşı dayanmaqdan çəkinməyən, erməni lobbi dairələrinin maraqlarına xidmət edən bu cür qərəzli fiqurla eyni cəbhədə yer almaq, onun mövqeyinə arxalanmaq Əli Kərimlinin siyasi simasını və kimlərin maraqlarına işlədiyini bir daha ifşa edir. Erməni lobbisinin əlaltısı kimi tanınan birinin məhz Əli Kərimlini himayə və müdafiə etməyə çalışması sual doğurmur — bu, eyni qərəz və anti-Azərbaycan xəttinin kəsişmə nöqtəsidir.
Xatırladaq ki, noyabrın 12-də Londonda keçirilən “Maqnitski mükafatı”nın verilməsi ilə bağlı təqdimetmə mərasimində Əli Kərimli də “müstəsna müxalifət siyasətçi” nominasiyası üzrə təltif olunub.
Bu barədə “Qafqazinfo” saytında “Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?” başlıqlı analitik yazıda geniş məlumat verilib.
Məqalədə qeyd olunur ki, mərasimdə mükafatı Əli Kərimlinin adından alan qızı Sezən Kərimliyə Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baronessa Helena Kennedi təqdim edib. Daha sonra, mükafatı S. Kərimliyə təqdim edən və onun xüsusi təşəkkür etdiyi Baroness Helena Kennedinin kimliyinə aydınlıq gətirilir və Əli Kərimlinin hansı “xidmətlərinə” görə təltif edildiyi anlaşılır.

Lordlar Palatasının üzvü Baroness Helena Kennedi Amerika Erməni Milli Komitəsi (ANCA) ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC-UK) dəstəklədiyi siyasətçidir. Baroness Kennedi ANC-UK-nin siyasi və digər dəstəkləri qarşılığında Böyük Britaniya parlamentində erməni maraqlarının müdafiəsini təşkil edir.
Burada əsas diqqətçəkən məqam B. Kennedinin fəaliyyətinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı olması, əsasən revanşist mövqedən çıxış edən erməni diasporunun təlimatları ilə Qarabağda keçmiş qondarma rejiminin maraqlarına xidmət etməsidir. Misal üçün, 2024-cü ildə Beynəlxalq Vəkillər Kollegiyasının (İnternational Bar Association - İBA) Qarabağla bağlı keçirilən tədbirlərinə spikerlik edib. Bu tədbirlərdə Qarabağdan Ermənistana qayıdan separatçı rejimin qalıqlarının Azərbaycana qarşı ərazi iddiaları və digər ittihamları dəstəklənirdi.
Kennedi bu ilin fevralında “Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və Britaniya parlamentinin bir sıra üzvləri tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” iddiası ilə başlanan və hazırda davam edən sorğu prosesinin əsas təşkilatçılarındandır, həmçinin, “Qarabağda erməni mədəni irsinin dağıdıması iddialarını” araşdıran tədqiqata həmsədrlik edir. Sorğu prosesinin bugünədək Britaniya parlamentində keçirilən bütün dinləmələrində B. Kennedi şəxsən iştirak edib, “dəlillər təqdim edən tərəflər” qismində keçmiş qondarma rejimin “nümayəndəsi” Artak Beqlaryan, erməni diaspor təşkilatı “Center for Truth and Justice” (CFTJ) nümayəndələri, ANC-UK-un sədri Annette Moskofian və üzvü Andre Vartanianla görüşüb. Onun bu məsələ ilə bağlı görüşdüyü şəxslərdən biri də Luis Okampodur.
Kennedinin dəstəyi ilə “təltif edilən” Əli Kərimlinin də bu şəbəkəyə bağlı olduğu aydın görünür. Ə. Kərimlinin erməni diasporu/lobbisinin anti-Azərbaycan kampaniyaları ilə sinxron fəaliyyəti, Qarabağda suverenliyimizin bərpası prosesində ordumuzun əməliyyatlarını və dövlət siyasətini şübhə altına alan paylaşımlar etməsi, o cümlədən, 2022-ci ilin sentyabrında Ermənistanın təxribatı nəticəsində baş verən sərhəd toqquşmalarında erməniləri açıq şəkildə müdafiə etməsi unudulmayıb. Onun indi təltif edilməsi də bu xidmətlərin mükafatlandırılmasıdır.
Burada əsas məqamlardan biri Əli Kərimlinin həbs olunmasından sonra onun erməni diasporu/lobbisi ilə işbirliyinin xaricdə yaşayan övladları – qızı Sevən Kərimli və oğlu Türkel Kərimli tərəfindən həyata keçirilməsidir.
Türkel Kərimli bu ilin yazında Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal dəstəkçilərindən olan senator Piter Velçlə görüşüb, ondan atasına dəstək istəyib. Piter Velç Nümayəndələr Palatasının üzvü olduğu (2007-2023-cü illər) dövrlərdən etibarən ANCA ilə sıx əməkdaşlıq edən siyasətçilərdəndir. 2022-ci il Senat seçkilərində də ANCA-nın dəstəklədiyi namizəd kimi qalib gəlib. P. Velç İkinci Qarabağ müharibəsində Nümayəndələr Palatasında Azərbaycanın hərbi əməliyyatlarını pisləyən 1165 saylı qətnamənin həmmüəlliflərindən idi. Bununla yanaşı, ABŞ-nin Azərbaycana hərbi yardımları dayandırması, sanksiyalar tətbiq etməsi çağırışlarına qoşulub. Hərbi cinayətləri sübuta yetirilmiş keçmiş qondarma rejimin üzvlərinin azad edilməsi məqsədilə Dövlət Departamentinə edilən müraciətlərdə də P. Velç fəallığı ilə seçilir.
Türkel Kərimli 2016-cı ildə, həmin vaxt Qarabağ hələ də işğal altında idi, ABŞ-də separatçı Bako Sakyanın oğlu Armen Saakyanla birlikdə Azərbaycanın əleyhinə çıxış etməsi ilə də xatırlanır.
.jpg)
Əli Kərimlinin qızı Sevən Türkel isə Böyük Britaniyadakı erməni lobbisinin üzvləri ilə sıx təmaslar qurur. S. Türkel bu ilin sentyabr ayında Böyük Britaniya vətəndaşı, ermənipərəst mövqeyi ilə tanınan “insan haqları müdafiəçisi” Benedik Rocerslə görüşərək, atasına dəstək istəyib. Əli Kərimlinin sosial media səhifələrində bu görüşlə bağlı geniş paylaşımlar edilib. B. Rocers hələ 1994-cü ildə Qarabağa qanunsuz səfər edərək, Azərbaycan torpaqlarını “erməni anklavı”, “qədim erməni torpağı” kimi təqdim edirdi. Qarabağın işğalı dövründə də daim ermənilərə dəstək verib. Belə bir şəxsin “insan haqlarının müdafiəçisi” kimi Əli Kərimlini dəstəkləməsi də ikincinin erməni diasporu/lobbisi ilə bağlantılarına diqqət çəkir.
Göründüyü kimi, Əli Kərimlinin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan qüvvələrlə əməkdaşlığını hazırda övladları davam etdirir. Əli Kərimli və övladlarının erməni lobbisi ilə əlaqələri təsadüfi və ya sadəcə taktiki dəstək axtarışı deyil, uzunmüddətli, sistemli və sıx bağlılığa əsaslanan bir prosesdir.
Eyni siyasi xətt və anti-Azərbaycan gündəliyi ətrafında birləşən tərəflər həlledici məqamlarda vahid cəbhədən çıxış edərək bir növ “qardaşlaşıblar” - yəni Əli Kərimli və övladları erməni lobbisinin maraqlarına, erməni lobbisi isə onların siyasi gündəliyinə qarşılıqlı şəkildə xidmət edirlər.

















