2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hava məkanında baş verən hadisəyə görə Azərbaycandan üzr istəyib.
Lakin təyyarəmiz Çeçenistanda vurulub. Buna görə Çeçenistanın başçısı Ramzan Kadırovdan eyni addımı müşahidə etməmişik.
1xeber.media xəbər verir ki məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Çeçenistan yalnız üzr istəməklə kifayətlənməməlidir:
"Çeçenistan başçısının təyyarə qəzası ilə bağlı üzr istəməsi çox yaxşı olardı. Nəinki üzrxahlıq etməsi, özünün bəzi struktur rəhbərlərini, ziyalılarını, din xadimlərini Bakıya göndərərək Azərbaycan ziyalıları, din xadimləri ilə görüşülməsi, qəzada dünyasını dəyişənlərin yaxınlarına baş çəkilməsi çox yerində olardı. Təəssüf ki, bu baş vermir. Əgər Çeçenistan tərəfi hesab edirsə ki, Rusiya üzr istədi, onların nəsə addım atmaqlarına ehtiyac yoxdur, bu, yanlış yanaşmadır. Əslində isə buna böyük ehtiyac var".
A.Mirzəzadə deyib ki, Azərbaycanla Çeçenistan az qala qonşu xalqlardır.
"Azərbaycan xalqının çeçen xalqına məhəbbəti var. Hər halda gözləyək, bəlkə, Azərbaycandan üzrxahlıq edib nümayəndə heyəti göndərməklə bağlı qərara gələcəklər".