Daxili İşlər Nazirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın şanlı tarixində əbədi iz qoyan, əsrlərlə yaddaşlardan silinməyəcək bir hadisə olduğunu vurğulayıb. O, torpaqlarımızın işğaldan azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən olduğunu, bu qələbənin qazanılmasında təkcə hərbi gücün deyil, xalq-ordu-dövlət birliyinin və milli iradənin vəhdətinin mühüm rol oynadığını qeyd edib.
Tədbir iştirakçılarına daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriki çatdırılıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov ölkə Prezidentinin davamlı səyləri ilə yaradılan güclü hərbi potensialın qarşımızda duran müqəddəs missiyanın layiqincə yerinə yetirilməsində öz töhfəsini verdiyini vurğulayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının Vətən müharibəsində misilsiz şücaət və hünər göstərərək Ali Baş Komandanın etimadını və xalqımızın inamını doğrultduğu, torpaqlarımızın işğaldan azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığı, 346 nəfərin yaralandığı, ölkə rəhbəri tərəfindən 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyü, yüzlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğu bildirilib.
Daha sonra çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə və lokal xarakterli antiterror tədbirlərində Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıblar.
Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən “Zəfər meydanı” sənədli filmi nümayiş etdirilib.

















