Əhməd İsmayılov “Yeni Müsavat”ı təbrik etdi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunu “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 35 illiyi münasibətilə təbrik edib.
1xeber.media xəbər verir ki, təbrikdə deyilir:
“Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetini nəşr etdirməklə xalqımızı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Milli mətbuatımızın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması bu gün də Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsiplər rolunu oynayır.
35 ildir fasiləsiz nəşr olunaraq Azərbaycan media məkanında öz yolu və dəsti-xətti ilə seçilən “Yeni Müsavat” qəzeti maarifçi ziyalılarımızın aşıladığı humanist prinsipləri rəhbər tutaraq mətbuatımızın inkişafına müstəsna töhfələr vermiş, müasir texnoloji inkişaf şəraitində klassik qəzetçilik ənənələrini yaşadaraq uğurlu nümunəyə çevrilmişdir.
Sürətlə dəyişən və qloballaşan informasiya mühitində daim öz yaradıcı yanaşması ilə fərqlənən, müxtəlif onlayn platformalarda ciddi kontent yaradaraq oxucuların rəğbətini qazanmış “Yeni Müsavat” qəzeti peşəkar Azərbaycan jurnalistikasının ciddi ünvanıdır.
Hörmətli Rauf müəllim!
“Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 35 illiyi münasibətilə qəzetin təsisçisi və rəhbəri olaraq Sizi və redaksiyanın bütün kollektivini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Musavat.com