“Bir çoxları və zənnimcə, hakim zümrənin (Fransa – red.) rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi”.
1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə – altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhz bundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı”, – Dövlət başçısı bildirib.