Qalmaqallı direktor vəzifəsinə qaytarılmayıb - Rəsmi AÇIQLAMA
Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, vəzifəsinə geri qaytarılması ilə bağlı bildiririk ki, bu, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.
1xeber.media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, məhkəmə prosesi hazırda davam edir: “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək”.
Xatırladaq ki, MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.
14:34
Samuxda məktəbdə keçirilən "Son zəng" mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.
1xeber.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.
Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.
Qeyd edək ki, Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.