Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat yayıb.
O bildirib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb:
"Magistral yolda VAZ-21021 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Başvermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".
Qəza nəticəsində, 26 yaşlı Xətai Əliyev, 41 yaşlı Zaur Cabbarov, 28 yaşlı Röyal Allahverdiyev, 53 yaşlı Elşən Xudaverdiyev və daha 1 nəfər ölüb. Sərnişinlərdən biri, 29 yaşlı Elçin Orucov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.