Dini liderlər COP29-da
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər. Bu gün artıq konfransın üçüncü günüdür. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, 80 prezident, vitse-prezident, baş nazir Bakıya gəlib və gəlməyə davam edirlər.
1 xeber.media xəbər verir ki,COP29-da dünyanın müxtəlif ölkələrinin dini liderləri də iştirak edir. Ötən gün jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir.
“Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir. Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir", - o qeyd edib.
Allahşükür Paşazadənin sözlərinə görə, Azərbaycanın dini liderləri atəşkəs çağırışını dəstəkləyir “Mən elə bilirəm ki, atəşkəsin elan olunması mühüm məsələdir. Bu bir daha göstərir ki, Azərbaycan sülh istəyir. Sülhməramlıdır. Ona görə də, dünyada sülhün bərqərar olmağını istəyir".