Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq C ümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb. 70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. 17 noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə
Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi. Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz
bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq.
30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada,Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır. Nəhayət ki, 2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!
Orxan Həsənli,
Sabirabad rayon sakini, fəal gənci