İranda Türk dünyası, türk erası birmənalı olaraq başlayır.
1xeber.media xəbər verir ki bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan İcmasının sədri Sayman Aruz bildirib.
O qeyd edib ki, ümumilikdə Yaxın Şərqdə Türk erası başlayıb.
"Bunun davamı olaraq İranda da dəyişiklik baş verir. Bu, heç də Azərbaycanın və Türkiyənin qələbələrindən kənarda baş verən hadisə deyil. İrandakı siyasi proses birmənalı olaraq türk dünyasının gedişatından asılı olaraq dəyişir. Pezeşkianın prezident seçilməsi, Azərbaycan şeirlərini səsləndirməsi, hətta bəzən bundan təbliğat kimi istifadə etməsi türk dünyasına çevirmək istəmək deməkdir. Nəzərə alın ki, bu gün "Traktor" komandasının oyunları ətrafında birləşən xalqımız, orada səsləndirilən milli fikirlər və yalnız Təbrizdə deyil, bütövlükdə İranda Azərbaycan sevgisi, Azərbaycançılıq ideologiyasının birmənalı olaraq əsas ideologiyaya, siyasi istəyə çevrilməsi böyük hadisədir. Digər yandan da İranda Pezeşkian hakimiyyətə gəlib. Nə qədər də İranda prezident təsirsizdir desələr də bu doğru deyil. Nəzərə alın ki, Pezeşkianın prezident olması çox ciddi şəkildə öz təsirini verir və effektini göstərir".
S.Aruz vurğulayıb ki, proseslər getdikcə qızışacaq və birmənalı olaraq türk erasının yenidən quruluşunun Cənubi Azərbaycan vasitəsilə şahidi olacağıq:
"Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi ki, Təbriz nə qədər ki azad deyil,deməli, türk dünyası azad deyil. Mən bu sözə qayıtmaq istəyirəm. Vaxt gələcək bu proseslərin məntiqi nəticəsi olaraq, Təbriz də, Cənubi Azərbaycan da öz azadlığına qovuşacaq. Beləliklə də, türk erası həqiqi mənada başlayacaq".